“İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ötən aydan başlayaraq keçirilən “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsi başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə, kurslara cəlbi diqqətdə saxlanılır, nazirlik tərəfindən keçirilən inşa, şeir, dram və digər müsabiqələrdə onların da iştirakı təmin olunur. Təhsil naziri sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə keçirilən “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinin bu kateqoriyadan olan şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və istedadlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, müsabiqə qaliblərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxışında qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının təşkilinə, onların cəmiyyətə fəal inteqrasiyasına xidmət edən sosial layihələrin və reabilitasiya xidmətlərinin həyata keçirilməsi cari ildə davam etdirilib. İl ərzində bu kateqoriyadan olan uşaqların iştirakı ilə 10-a yaxın yaradıcılıq tədbiri təşkil olunub. Bu tədbirlərə, ümumilikdə, 100-dən çox uşaq cəlb edilib. Eyni zamanda, nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 200-dən çox uşağa müvafiq xidmətlər göstərilib. Həmçinin il ərzində, sağlamlıq imkanları məhdud istedadlı şəxslərin əmək qabiliyyətinin stimullaşdırılması məqsədilə, bu qəbildən olan 27 müəllifin 500-ə yaxın əl işinin sərgi-satışı da təşkil olunub.

Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkilinin onların reabilitasiyasını təmin etməyin ən faydalı üsullarından biri olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxışında deyib ki, bu məqsədlə uşaqların idman oyunlarında, müxtəlif yarış və müsabiqələrdə, eləcə də mədəni tədbirlərdə iştirakı, uşaq musiqi məktəblərinə cəlbi üçün şəraitin yaradılması onların fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına xidmət edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi, İncəsənət və Bədii Sənətkarlıq məktəblərində hazırda fiziki imkanı məhdud 72 şagird təhsil alır.

Çıxış edənlər sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbirin final mərhələsində iştirak etmiş iştirakçıların təltifetmə mərasimi olub. Müsabiqədə ilk yerləri tutanlara qiymətli hədiyyələr və diplomlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr və fəxri fərmanlar təqdim olunub. Tədbir müsabiqənin final mərhələsində fərqlənən iştirakçıların yaradıcılıq nümunələrinin nümayişi ilə davam etdirilib.

Sonda sağlamlıq imkanları məhdud şəxslərin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: