Naxçıvan Müəllimlər İnstitutunda xalça sərgisi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən “Xalça” dərnəyinin üzvləri və “Naxçıvan xalçaçılıq məktəbi” dərslərində iştirak edən qabiliyyətli tələbələr tərəfindən dekorativ əl işləri və xalça nümunələrindən ibarət sərgi təşkil edilib.
Bu münasibətlə keçirilən tədbirdə institutun rektoru Azad Novruzov bildirib ki, ali təhsil ocağında fəaliyyət göstərən “Xalçaçılıq” dərnəyinin açılması bu qədim sənət növünün yaşadılması və onun incəliklərinin gələcək nəsillərə ötürülməsi məqsədinə xidmət edir. Rektor vurğulayıb ki, belə sərgilərin keçirilməsi gələcəkdə bu sahəyə marağı olan tələbələrin cəlb edilməsinə stimul olacaq.
İnstitutun prorektoru, İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyeva və Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxış edərək muzeydə təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslərin təşkil olunmasını xalçaçılıq ənənələrinin qorunub yaşadılması və təbliği baxımından yüksək qiymətləndiriblər.
Sonra institutun xalçaçılıq emalatxanasında istedadlı tələbələrin iştirakı ilə hazırlanan xalça və toxuculuq nümunələrindən ibarət sərgiyə baxış keçirilib. “Xalça” dərnəyi üzvlərinin müxtəlif motivlərdə təqdim etdiyi nümunələr yaradıcılıq baxımından maraqla qarşılanıb. Onlar arasında xalqımızın Vətən müharibəsindəki birliyini simvolizə edən dəmir yumruq nümunəsi xüsusi diqqəti cəlb edib.
Leyla Cəfərzadə