Meksikanın Yukatan yarımadasında arxeoloqlar sarayları, piramidaları və meydanları olan qədim Mayya şəhərinin qalıqlarını tapıblar.
NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, ilkin hesablamalara görə, şəhərdə 600-cü ildən 900-cü illərə qədər yaşayış olub.
Dağıntılar Yukatan yarımadasında Merida yaxınlığında sənaye parkının yaradılması üzrə işlərin aparıldığı tikinti sahəsində aşkar edilib.
Qeyd edək ki, həmin memarlıq abidələrində VII—X əsrlərə məxsus (987-1194) klassik Mayya dövrünə aid Puuk üslubunun xüsusiyyətlərini görmək olar.
“Hesab edirik ki, burada müxtəlif sosial təbəqələrin nümayəndələri olan dörd min sakin yaşayırdı. Kahinlər və mirzələr saraylarda, adi insanlar isə kiçik tikililərdə yaşayırdılar”, - deyə arxeoloq Karlos Peraza vurğulayıb.
Tədqiqatçılar arxeoloji qazıntılar aparılan ərazilərə yaxın yerlərdə böyüklərin və uşaqların qəbirlərini də aşkarlayıblar. Onlar həmin dövrdə obsidian və çaxmaq daşından hazırlanan alətlərlərlə, eləcə də digər əşyalarla dəfn ediliblər.