Latviyanın tanınmış “Latvijas Radio 3 – Klasika” radiosunun “Post factum” verilişində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ölkəmizin Latviyadakı səfirliyinin dəstəyilə Riqa Kafedralında keçirilən “Qarabağ” muğam qrupunun konserti barəsində ətraflı məlumat verilib.
Səfirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, etnomusiqişünas, müğənni və pedaqoq Zane Şmite və müğənni Dins Sumeraqs verilişin aparıcısı Sandra Nedzvecka ilə konsertlə bağlı öz xoş təəssüratlarını bölüşüblər.
Verilişdə qeyd olunub ki, konsertdə Azərbaycanın Xalq artistləri – xanəndə, “Qarabağ” muğam qrupunun rəhbəri Mənsum İbrahimov, tar ifaçısı Elçin Həşimov, Əməkdar artistlər – kamança ifaçısı Elnur Əhmədov və nağara ifaçısı Kamran Kərimov, həmçinin muğam müsabiqəsinin qalibi, xanəndə Gülzar Fərəcova və orqan ifaçısı Natəvan Quliyeva çıxış ediblər.
Bildirilib ki, Azərbaycan musiqisi dinləyicilərə bu ölkənin füsunkar təbiətini, ülvi hissləri çatdırır: “Azərbaycanda heç vaxt olmasanız belə, bu musiqiyə qulaq asanda dağları, dərələri təsəvvür edirsiniz”. Aparıcılar muğam ifasında xüsusi vokal qabiliyyət və caz kimi improvizə tələb olunduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda muğam musiqisinin digər janrlarla yanaşı tədrisi və öyrənilməsi diqqətəlayiqdir. Musiqişünasların rəyinə görə, hər bir xanəndə özünün ifa tərzi, tonallığı ilə musiqiyə özəllik gətirir.
Konsertə gəldikdə isə qeyd olunub ki, səslərin sədası, gözəl parlaq milli geyimlər, təbii ifa və alətlərin təmiz səsi diqqəti xüsusilə cəlb edir. “Bu konsert, musiqiçilərin vokalının və kafedral akustikasının ahəngi idi”. Aparıcılar bildiriblər ki, muğama saatlarla qulaq asmaq olar. Konsertdən öncə orqan və muğam birləşməsinin unikal sintezi hər kəsi maraqlandırırdı, çünki bunlar müxtəlif janrlar və müxtəlif musiqi intervallarıdır. Nəticədə maraqlı layihə və ahəngdar bir sintez alındı və insanlarla dolu Riqa Kafedralı muğam ifaçılarının gözəl ifasından feyzyab oldu.
Eyni zamanda, qeyd olunur ki, Azərbaycan muğamı dinləyicilərin təxəyyülünü paralellər axtarmağa vadar edir. “Məsələn, musiqiyə qulaq asanda “Mənim böyük kədərim” (Bēdu, manu lielu bēdu) adlı Latviya mahnısı ilə bir paralellik yaranır”. Sonda bildirilir ki, “Qarabağ” muğam qrupunun Liepaya Simfonik Orkestri ilə birgə layihə olaraq simfonik muğam konserti də keçirilib və hətta bu konsertin diski buraxılıb.