Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan rəsm sərgisi təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Müəllimlər İnstitutunun prorektoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və Naxçıvan Dövlət Universiteti incəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov çıxış edərək bildiriblər ki, Naxçıvanda rəssamlıq sənətinin qorunub inkişaf etdirilməsində böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ümummilli liderimizin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülüb, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilib, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilib, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılıb, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılıb.
Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan rəsm sərgisinə baxış olub. Sərgidə ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolu, zəngin siyasi fəaliyyətini, müstəqil və müasir Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafını, Ordumuzun böyük qələbəsini, yurdumuzun təbiət gözəlliklərini, tarixi abidələrimizi və milli dəyərlərimizi özündə əks etdirən 54 əsər nümayiş etdirilib. 15 rəssamın yaradıcılığının nümunəsi olan əsərlər sırasında ənənəvi rəssamlıqla yanaşı, müasir texnika, rəngkarlıq potensialı ilə yaradılmış əsərlər də mövcuddur.
Sərgidə Rəssamlar Birliyinin gənc üzvlərinin də əsərləri diqqətçəkən olub. Onlar “Dəmir yumruq”, “Şuşa”, “Xudafərin körpüsü”, “Xarıbülbül”, “Şuşa məscidi”, “Şəhid anası”, “Naxçıvanla Qarabağı birləşdirən Zəfər tarixi” adlı əsərlərində Böyük Qarabağ zəfərimizlə bağlı düşüncə və duyğularını tablolara köçürüb, rənglərin sehri ilə şəhidlərimizə ehtiramlarını ifadə ediblər. “Ümid körpüsü”, “Mədəniyyət yolu” kimi digər əsərlərdə isə Naxçıvanın inkişafı, tarixi abidələrimiz, milli dəyərlərimiz kimi mövzular tam dolğunluğu ilə öz əksini tapıb.
Şəfa Səfərova