Ordubadda istedadlı qadınların əl işlərindən ibarət səyyari sərgi-satış təşkil olunub - YENİLƏNİB - VİDEO
Muxtar respublikamızda yeni turizm infrastrukturunun yaradılması, istirahət və əyləncə mərkəzlərinin istifadəyə verilməsi ilə yanaşı gələn turistlərə muxtar respublikanın qədim tarixinin, mədəniyyətinin, incəsənətinin, sənətkarlığının, milli-mənəvi dəyərlərinin təbliğ edilməsi də əsas vəzifə kimi müəyyənləşdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu məqsədlə Ordubad rayonunun geniş turizm imkanlarına malik Anaqut kəndindəki “Xan çinar” İstirahət Mərkəzində istedadlı qadınların əl işlərindən ibarət səyyari sərgi-satış təşkil edilib.
Səyyari sərgi-satışda toxuma, muncuqla iş, dekorativ iş, tikmə, dekorativ tablo, gipslə iş, xalça, tikmə tablo, yağlı boya, sulu boya, yandırma tablo olmaqla, ümumilikdə 17 müəllifin 1500-ə yaxın əl işi sərgilənib. Əl işlərində əsasən muxtar respublikanın tarixi abidələri, gəzməli-görməli yerləri, milli geyimləri, qadın bəzək əşyaları, məişət əşyaları, muxtar respublikaya xas milli naxışlardan ibarət xalçalar və digər əl işləri üstünlük təşkil edib. Səyyari sərgi-satışda olan əl işləri istirahət mərkəzinə gələn turistlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi-satışda 7 qadının 52 adda 500 manatdan artıq dəyərdə əl işi satılıb.
Məqsəd muxtar respublikada qəbul edilmiş əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramının icrası istiqamətində həyata keçirilən işlərə töhfə vermək, çoxəsrlik milli-mənəvi dəyərlərimizin, xalq tətbiqi sənət nümunələrinin yaşadılması və tanıdılmasını təmin etməkdir.
Qeyd edək ki, bu cür səyyari sərgi-satışların növbəti həftələrdə digər istirahət mərkəzlərində keçirilməsi də nəzərdə tutulur.