“Milli dəyərlərimiz ornamentlərdə” rəsm müsabiqəsi başa çatıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən iyun ayı ərzində “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqəsi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən tədbirdə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev bildirib ki, muxtar respublikada milli dəyərlərimizin, zəngin mədəniyyətimizin yaşadılması və təbliği məqsədilə hər il incəsənətin müxtəlif sahələrini əhatə edən festivallar, müsabiqələr keçirilir. Bu ilin may ayından etibarən elan edilən və iyun ayı ərzində keçirilən “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqəsi də belə mədəni tədbirlərdən biridir. Müsabiqəyə muxtar respublikanın 7 şəhər və rayon mədəniyyət idarə və şöbələrinin tabeliyindəki dərnək üzvləri tərəfindən 40 rəsm əsəri təqdim edilib. Təqdim olunan əsərlər münsiflər heyəti tərəfindən on ballıq sistem üzrə qiymətləndirilib.
Sonra müsabiqədə qalib olan iştirakçılar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomları, fərqlənənlər isə fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, Naxçıvan Şəhər 3 nömrəli Mədəniyyət Evinin dərnək üzvü Gövhər Hüseynəliyeva birinci, Şərur Rayon Danyeri Kənd Klubunun dərnək üzvü Rəsmiyyə Abdullayeva ikinci, Şərur Rayon Zeyvə Kənd Klubunun dərnək üzvü Gülnurə Vəliyeva isə üçüncü yerə layiq görülüb.
Tədbirin sonunda müsabiqəyə təqdim edilən rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Mədinə Rəhimli