Tənənəm sakinlərinə yeni film təqdim edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə muxtar respublikada “Azərbaycan kinosu günü” layihəsi həyata keçirilir. Naxçıvan Dövlət Film Fondu layihə çərçivəsində Şərur rayonu Tənənəm kəndinin sakinlərinə “Üçüncü günün adamı” filminin nümayişini təşkil edib.
Psixoloji dram janrında çəkilən filmin rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı Firudin Allahverdidir. Rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki və digərləri canlandırır.
Film Kəlbəcər rayonundan olan şəxsin Qarabağ hadisələri ərəfəsində həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir. Film kənd ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.