İran ilə Azərbaycan xalqlarını çox əsirlik dostluq və qohumluq əlaqələri birləşdirir. Hər iki xalq ortaq tarixə, mədəniyyətə, adət-ənənə və dini dəyərlərə malikdir. Bu dəyərlər siyasi-iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük zəmin yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili İranda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə keçirdiyi birgə mətbuat konfransında deyib. İranlı nazir nəzərə çatdırıb ki, mədəni əlaqələrin inkişaf etdirilməsi üçün heç bir maneə yoxdur. Qarşılıqlı əlaqələrin inkişafı üçün birgə filmlərin çəkilməsi, kitab yarmarkalarının, mədəniyyət həftələrinin keçirilməsi zəruridir və bu istiqamətdə işlər aparılır.
Nazir bildirib ki, İranın yeni hökuməti Azərbaycan Respublikası ilə münasibətlərin yaxınlaşmasına maneə olan bütün problemləri aradan qaldırmaq iradəsinə malikdir. Azərbaycanın mədəniyyət nazirinin İrana səfəri əlaqələrimizdə yeni mərhələnin əsasını yaradacaq və gələcək inkişafı üçün perspektivlər açacaq.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, iki ölkənin mədəni əlaqələrini yüksəltmək üçün çox böyük potensial var və bu potensialdan səmərəli istifadə edib xalqlarımızın biri-birini daha yaxından tanıması üçün qarşılıqlı səfərlərin, birgə layihələrin artırılması zəruridir.
Anar Kərimov qeyd edib ki, Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan dövləti məscidlərlə yanaşı, dini və tarixi abidələrin bərpası işini davam etdirir. Birgə kino həftələrinin, kitab sərgilərinin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına böyük imkanlar yaradacaq. Bu istiqamətdə aparılan işlər və əldə olunan razılaşmalar icra olunacaq.
Nazir səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib və İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmailini Azərbaycana dəvət edib.
Sonra nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
Xatırladaq ki, iyunun 20-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İranın mədəniyyət və islam irşad nazirinin dəvəti ilə İrana səfər edib. Səfər çərçivəsində Anar Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunda, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatında, İranın Milli Kitabxana və Arxiv İdarəsində görüşlər keçirib.