Muxtar respublikaya təşkil olunan infotur çərçivəsində qonaqlar Ordubadla tanış olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, infoturla əlaqədar Naxçıvana səfər edən Azərbaycan, Türkiyə və İranın turizm şirkətlərinin əməkdaşları, həmçinin media nümayəndələri Ordubada səfər ediblər.
Qonaqlar səfər çərçivəsində öncə Ordubad şəhərindəki XVII əsrə aid Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib, abidə haqqında ətraflı məlumat alıblar.
Muzeylə tanışlıqdan sonra infotur iştirakçıları Ordubadın qədim Sərşəhər məhəlləsini gəziblər.
Daha sonra rayonun Anaqut kəndində yerləşən “Xan çinar” İstirahət Mərkəzində olan heyət burada yaradılan turizm infrastrukturu ilə tanış olub, fotoşəkillər çəkdiriblər. İstirahət Mərkəzində qonaqlar üçün çay süfrəsi təşkil edilib.
Qeyd edək ki, iyunun 24-dək davam edəcək səfər müddətində turizm şirkətləri və media nümayəndələri "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılacaqlar. Proqram çərçivəsində qonaqlar həmçinin Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, "Duzdağ" Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olacaqlar.
Qeyd edək ki, "Nuh diyarı - Naxçıvan" infoturu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında "2020-2023-cü illər üçün Birgə Fəaliyyət Planı"na əsasən həyata keçirilir.