Hər turist bir informasiya daşıyıcısıdır - muxtar respublikanın turizm potensialı dünyaya tanıdılır - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Naxçıvanda "Nuh diyarı - Naxçıvan" infoturu davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 100-dən artıq nümayəndənin qatıldığı infoturda Azərbaycan və qonşu ölkələrin ən nüfuzlu turizm agentlikləri, bloqçular, televiziya kanalları və digər media nümayəndələri iştirak edir.
Muxtar respublikanı gəzən qonaqlar burada yerləşən tarixi-mədəni, eləcə də turistik yerlərdə olduğu zaman oradan çəkilişlər edib, reportaj və müxtəlif videomateriallar hazırlayıb öz sosial şəbəkə hesablarında paylaşırlar. Qeyd edək ki, infotur iştirakçıları arasında tanınmış bloqçular, turizm nümayəndələri də çoxluq təşkil edir. Qədim diyar Naxçıvanın gəzməli-görməli yerlərini paylaşan infotur iştirakçılarının əksəriyyətinin sosial şəbəkə hesabları geniş izləyici kütləsinə sahibdir. Bu isə muxtar respublikanın turizm potensialının daha geniş müstəvidə tanıdılmasına və gələcəkdə Nuhun diyarına daha çox əcnəbi və yerli turistlərin gəlməyinə rəvac verir.