Qədim yurdumuz, əzəli ata, baba ocağımız Naxçıvanın köksünə yaraşıq verən, keçmişdən bu günə yadigar qalan tarixi abidələrin gözəlliyinə valeh olmamaq mümkün deyil. Bu abidələrlə qonaqlarımızı tanış edəndə ürəyimiz fərəhlənir. Uzaq diyarlardan alınmaz qala Əlincənin, türk qadının, anasının şərəfinə ucaldılan Möminə xatun məqbərəsinin, Qarabağlar türbəsinin sorağı ilə gələn insanları görəndə fərəh hissi keçiririk. Bəs bu abidələr vaxtilə şəninə mahnılar qoşulan sovetlər dönəmində necə idi? Həmin dövrdə də bugünkü qədər qayğı ilə yanaşılırdımı Azərbaycanın ayrılmaz parçası Naxçıvanın tarixi abidələrinə? Bütün bu suallara cavab vermək üçün çox uzağa getməyib muxtar respublikanın mətbuat orqanı olan “Şərq qapısı” qəzetində 8 iyul 1990-cı il tarixdə nəşr edilən “Abidələrimizi qoruyaq və bərpa edək” sərlövhəli məqalə ilə tanış olaq:
“Tarixi abidələr insan zəkasının və istedadının, onun qızıl əllərinin yadigarı olmaqla çox böyük iftixar hissidir. Abidələr əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə qalan yadigar, eləcə də hər bir xalqın böyüklüyünün, ululuğunun nişanəsidir. Bu ululuq Azərbaycan xalqına bəşəriyyətin ilkin dövrlərindən qismət olub, bir çox tarixi abidələrimiz əsrlərin keşməkeşlərindən hifz olunaraq bizə gəlib çatıb. İndi nəinki onları dərindən öyrənməli, həm də müdrik babalarımızın əl izlərini itməyə qoymamalı, mədəni-mənəvi sərvətlərimizi can yanğısı, qayğı ilə bərpa etməliyik. Bəs bu sahədə məqsədyönlü işlər görülürmü? Bu suala cavab vermək üçün muxtar respublikada bir və ya iki abidəyə baş çəkmək kifayət edər. Qədim Naxçıvanın bütün abidələri bu gün ciddi surətdə qorunmağa və bərpa edilməyə möhtacdır.
...Möminə xatun məqbərəsi, Qarabağlar abidə kompleksi və Nuhun qəbirüstü türbəsi, Yusif Küseyir oğlu türbəsi abidə kompleksi və sair kimi abidələrin qorunması və bərpası dövlət və ümumxalq əhəmiyyətli bir işdir. Onlara yenidən həyat vermək üçün 1989-cu ilin avqust ayından Naxçıvanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tarixi və mədəniyyət abidələrinin bərpası və təmiri trestinin emalatxanası açılıbdır. Onun imkanlarını, maddi bazasını və iş fondunu artırmaq məqsədilə bu ilin aprel ayından (1990-cı il həmin emalatxana elmi bərpa istehsalat idarəsinə çevrilmişdir) ...Möminə xatun məqbərəsində divaryanı körpülər düzəldilməsi üçün borular olmadığından, bəzi abidələrdə isə kaşı və lazımi qədər kərpic çatmadığından işlər dayanıbdır. Respublika bərpa və təmir trestindən gələn mütəxəssislər bəzi abidələrdə bərpa işlərinin elmi və texniki səviyyəsindən narazı qalıblar. Nöqsanlar isə idarənin maddi-texniki bazasının zəifliyi, lazımi material və avadanlıqların çatışmaması, kifayət qədər mütəxəssisin olmaması ilə əlaqədardır.
...Tarixi abidələri qorumaq hər bir azərbaycanlının müqəddəs vətəndaş borcu olmalıdır”.
Çıraq işığından ümid dolu sabahlara
Azərbaycan müstəqillik qazandığı gündən sonra qədim Naxçıvan müharibə və qıtlıqla mübarizə apardı. Lakin hər iki cəbhədə qalib olub, işıqlı sabahlara çatdı. Həmin illər isə yaddaşlara çətin olsa da, şərəfli anlar kimi yazıldı.
32 il bundan öncə ürək yanğısı ilə qələmə alınan məqalədəki “müqəddəs vətəndaş borcu” ifadəsi sovetlər dönəmində bəziləri üçün unudulmuşdu. Abidələr belə “insanlar”ın laqeyd münasibətinə tuş gəlirdi. Sovetlər dönəmində milli adət-ənənələrimizə, inanclarımıza qənim kəsilənlər tarixi abidələrimizi dağıtmağa, kimliyimizi unutdurmağa çalışırdılar. Həmin abidələr ki yüz illər keçsə də, xalqımızın məğrurluğunu, Vətən sevgisini, qadına-anaya olan hörmətini özündə qoruyub saxlayır, gələcək nəsillərə ötürürdü. Yetmiş illik sovetlər dovrünə qısa bir nəzər salanda görürük ki, bu torpağın barını-bəhrəsini, təbii sərvətlərini, talayan sovetlər insanların əməksevərliyinin qarşılığını heç bir zaman verməyib. Yaşayış məntəqələri bərbad olub, yollar da, xəstəxanalar, məktəblər də, uşaq bağçaları da. Uçuq-baxımsız tarixi abidələr isə “ateizm” xəstəliyinə tutulan insanların düşmən münasibəti nəticəsində acınacaqlı hala düşüb.
Bəli, qədimdən bugünə bizə yadigar qalan tarixi abidələrin görüntüsü bir vaxtlar ürəyimizi ağrıdırdı. Tarixin yadigarları olan məscidlər, qalalar, buzxanalar, məqbərələr, hamamlar uçulub dağılır, heç kim buna məhəl belə qoymurdu. Düz 70 il biz bunu gördük, bunu izlədik. Bir vaxtlar belə abidələr uşaqların gizlənparç oynadıqları məkana çevrildi. Qaçdı-tutdu oynayanda yarıuçuq divarlardan atlayan uşaqlar nə uçulan divarlara məhəl qoyurdular, nə də dağılan yerlərə. Çünki sovet rəhbərliyinin senzurasından keçən tarix kitablarımızda tariximiz və qəhrəmanlıq yadigarı olan qədim abidələrimiz haqqında yetərincə məlumat yox idi. Keçmişimizi, milli dəyərlərimizi unutdurmağa və bununla da əsarət zəncirini daha da bərkitməyə səy göstərən kommunistlər məscidlərimizi anbarlara, qəhrəmanlıq simvolu sayılan qalalarımızı xarabalığa çevirdilər. Bir sözlə, tarixi abidələrimiz ögey münasibət gördü, çoxu bilərəkdən dağıdıldı, xalqımızın milli-mədəni varlığı məhvə sürükləndi. Yetmiş illik müstəmləkəçilikdən azad olduqdan sonrakı illərdə də bu məsələnin öz həllini tapması üçün zaman lazım oldu. Çünki müstəqilliyini yenicə qazanan dövlətimiz müharibə ilə üzləşdi.
“Pis günün ömrü az olar” deyib atalarımız. Qaranlıq gecələrimizin nurlu sabahı ulu öndərin Vətənə, hakimiyyətə qayıdışı ilə başladı. Ulu Tanrı bu diyarın övladlarına dözüm, qətiyyət, səbr verdi, Naxçıvanın və naxçıvanlıların ən ağır günündə xalqın oğlunu xilaskar kimi göndərdi. Dahi rəhbərin Naxçıvana gəlişi yurdumuzu işğal təhlükəsindən qorudu, qədim diyarda möhtəşəm dəyişikliklərin, sozün həqiqi mənasında, intibahın əsası qoyuldu. Sonrakı illərdə muxtar respublikada ümummilli liderin yolunun davam etdirilməsi nəticəsində infrastruktur quruculuğu, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və digər sahələrdə canlanma yarandı. Hər bir azərbaycanlı canlanmanın birbaşa şahidi və iştirakçısı oldu. Biz bunları kitablardan oxumadıq, filmlərdə görmədik, bütün bunları yaşayıb şahidlik etdik. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görən Ulu öndərimiz deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Ümummilli liderimizin bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaratması, sonrakı dövrlərdə də bu sahədə yeni üfüqlər açılmasına imkan verdi.
Hər daşı, hər qayasında tarixin izi olan Naxçıvanın bu günü
Dahi şəxsiyyət deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. Qədim diyarımız anamız Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biridir. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin zənginliyinin xəbərçisidir. Möminə xatun, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, möhtəşəm Haçadağ, Babək qalası, Dəvəboynu və yüzlərlə tarix və mədəniyyət abidələri keçmişimizi bu günə daşıyıb.
Yuxarıda nəzərinizə çatdırdığımız məqalədə deyilir: “Biz indi nəinki onları dərindən öyrənməli, həm də müdrik babalarımızın əl izlərini itməməyə qoymamalı, mədəni-mənəvi sərvətlərimizi can yanğısı, qayğı ilə bərpa etməliyik. Bəs bu sahədə məqsədyönlü işlər görülürmü? Bu suala cavab vermək üçün muxtar respublikada bir və ya iki abidəyə baş çəkməklə kifayətlənmək olmaz.. Ona görə ki qədim Naxçıvanın bütün abidələri bu gün ciddi surətdə qorunmağa və bərpa edilməyə möhtacdır”.
Qürurla deyə bilərik ki, bu fikirlərdə dilə gətirilən problemlər də ötən illər ərzində öz həllini tapıb. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və tədqiqi istiqamətində ardıcıl tədbirlər görülür. Ötən illər ərzində Möminə xatun türbəsi konservasiya edilib, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyir oğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxana abidələri, Qarabağlar Türbə Kompleksi, “Came” məscidi, Zaviyyə mədrəsəsi, İsmayıl xan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunubdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi qorunması, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü bərpa olunub. Naxçıvan şəhərində yerləşən XII əsrə aid Yusif Küseyir oğlu türbəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə əsaslı şəkildə bərpa edilib. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilib. 2016-cı il bu sahədə xüsusilə əlamətdar olubdur. Azərbaycan xalqının əyilməzlik rəmzi olan Əlincəqalada, Şərq memarlığının əvəzsiz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar kəndindəki Parçı imamzadəsində bərpa işləri yüksək səviyyədə başa çatıb. XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid hamam bərpa edilib. Türk-İslam mədəniyyəti abidələrinin gözəl nümunələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamına da yeni həyat bəxş edilməsi muxtar respublikamızda tarixi abidələrə göstərilən böyük qayğının nəticəsidir. Burada xidmət sahələrinin yaradılması həm kənd sakinlərinin məşğulluğu baxımından əhəmiyyətlidir, həm də tarixi abidənin qorunub saxlanılmasına, təmizliyinə, abadlığına xidmət edir.
Ümumiyyətlə, son illərdə muxtar respublikada onlarla tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib. Abidələr qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir.
Tarixi yaşadanları tarix də yaşadacaq
Bu gün diyarımızın hansı guşəsinə getsək, orada əvvəllər ürək yanğısı ilə baxdığımız indi isə növrağından qürur duyduğumuz abidələri görürük. Onlara dəyər vermək, qorumaq isə vətənpərvərlik nümunəsinin ən gözəl nümunəsidir. Keçmişdən bu günə qalan yadigarlara yenidən həyat vermək qədim ənənələri yaşatmaq deməkdir. Bütün bunları isə təkcə muxtar respublika sakinləri yox, həm də buraya üz tutan turistlər görür. Vaxtilə muxtar respublikaya gələn israilli ekspert Arye Qut, türkiyəli alim Vefalı Enser, amerikalı turist Mattehev Patyylin və tanınmış icmalçı Piter Teys, rusiyalı alim Yuri Starkov tarixi abidələrimizin gözəlliyinə valeh olduqlarını vurğulayıblar. Onların fikirlərini bu sözlərlə ümumiləşdirmək olar: “Nuhun məzarüstü türbəsini, Naxçıvanqalanı, Duzdağdakı mağaraları, Əshabi-Kəhfi, Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatunun vəfatından sonra onun şərəfinə ucaldılan türbəsi insanı heyrətə salır. Bu gün türbə Azərbaycan qadınına verilən yüksək dəyərin simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Möminə xatun türbəsini ziyarət edəndə öyrənirsən ki, həmin abidə tək deyil. Quti xatunun şərəfinə ucaldılan Qarabağlar Türbə Kompleksi də var. Qarabağlarda əsrlər öncə ucaldılan bu abidənin gözəlliyi də insanı valeh edir. Buranı Hindistanda yerləşən Tac-Mahala bənzədirsən. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa etdirilib. Naxçıvandakı hər iki məqbərə bu xalqa, qadınını və anasını belə yüksək qiymətləndirən azərbaycanlılara hörmət hissini artırır. Diqqətçəkən məqamlardan biri də yüz illər öncə tikilən bu abidələrin yüksək səviyyədə qorunub saxlanılmasıdır.
Bu gün qədim torpağın hansı səmtinə yolumuz düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşırsan. Naxçıvan qədim tarixi, müasir inkişafı və qonaqpərvərliyi ilə xeyli sayda turisti cəlb etmək imkanına malikdir. Buradakı xalqın keçmişinə işıq salan tarixi abidələr, mənəvi irsinizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edir”.
Ötən illər ərzində muxtar respublikada bütün əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunaraq davamlı quruculuq işləri görülür, sosial problemlər həll edilməklə bərabər keçmişimiz, milli dəyərlərimiz özümüzə qaytarılır. Bütün bunlar isə Vətən və xalq sevgisindən doğan gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü, böyük əmələ sadiqlik, əsl qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunub. Bu gün hər bir naxçıvanlı tariximizin canlı salnaməsi olan abidələrimizi seyr edəndə qürur hissi keçirir. Çünki abidələrimiz qorunub gələcək nəsillərə ərməğan edilir. Yurdumuzun hər bir guşəsində seyr etdiyimiz bu mənzərələr bizə qürur yaşatmaqla yanaşı dövlətimizə minnətdarlıq hissimizi daha da artırır və hər birimizə bu sözləri diktə edir: Tarixə dəyər verənlər dövrünün qurucu şəxsiyyətləri kimi adlarını tarixə yazaraq yaşayırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.
Ramiyyə Əkbərova
Jurnalist