Azərbaycanın Naxçıvan Muxtar Respublikası qədim tarixi, zəngin mədəniyyəti və əsrarəngiz təbiəti ilə seçilir. Tarixi və mədəniyyət abidələri, gəzməli-görməli yerləri, abadlaşan şəhər və kəndləri Naxçıvanın turizm potensialını daha da artırır. Məhz bu potensialı tanıtmaq məqsədilə iyunun 22-dən 24-ə qədər Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə “Nuh diyarı – Naxçıvan” infoturu çərçivəsində Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətləri və media nümayəndələri Naxçıvana səfər ediblər.
Əgər bu günə qədər Naxçıvan Muxtar Respublikasında olmamısınızsa, may-iyun aylarında ölkədaxili səyahət etmək üçün bura gözəl yerlərdən biridir. Naxçıvana ilk dəfə gedənlər üçün gəzməli yerlər çoxdur. Siz qədim Naxçıvanda saysız-hesabsız tarixi abidələr ziyarət edə bilərsiniz. Bakıdan gediş-dönüş biletinin qiyməti 120 manatdır.
1. Əshabi-Kəhf dağları. Naxçıvana gələnlərin ilk getdiyi yerlərdən biri olan ziyarətgaha ilk dəfə ayaq basanlar buranı çox maraqla qarşılayır. Dini turizm dedikdə bir naxçıvanlı kimi ağlımıza ilk olaraq Əshabi-Kəhf ziyarətgahı gəlir. Bəli, Əshabi-Kəhf muxtar respublikamıza gələn turistlərin görmədən getmədiyi yerlərdəndir. Bura haqqında olan dini rəvayətlər çoxlarının marağına səbəb olur. Qısaca, bu dini ziyarətgahın sözü-söhbəti ölkəmizin hüdudlarını aşıb. Əslində heç kənara çıxmayaq. Muxtar respublika hüdudlarından kənar, ölkənin müxtəlif bölgələrindən də bura gələnlər az deyil.
2. Batabat. Naxçıvanın ən gözəl yerlərindən biri də şübhəsiz ki, Batabat yaylağıdır. Naxçıvan şəhərinə təxminən 1 saatlıq məsafədə yerləşən Batabat ilin bütün fəsillərində fərqli olmasına baxmayaraq, may-iyun aylarında xüsusilə gözəldir. Batabat meşələrini, çayları keçdikdən sonra dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən Batabat yaylağı və gölü öz gözəlliyi ilə seçilir. Burada siz möhtəşəm təbiət gözəlliyini seyr edə, üzən adanı izləyə, “Zor bulaq” adlanan və yayın ən isti vaxtlarında belə buz kimi olan bulaqdan su içə bilərsiniz.
3. Əlincə qalası. Əmir Teymurun qoşunlarının almaq üçün hər yola əl atdığı, dünya əhəmiyyətli abidə sayılan Əlincə qalası bir neçə il əvvəl restavrasiya edilib. Zirvəyə qalxmaq yorucu olsa da, bu dağın hər bir daşında tarix yazılıbdır.
4. Duzdağ. Naxçıvan şəhərindən 15 dəqiqəlik, “Duzdağ” hotelindən isə təxminən 10 dəqiqəlik məsafədə yerləşən Duzdağ fizioterapiya mərkəzinə mütləq baş çəkin. Bir ölkənin turizm potensialının inkişafında onun sahib olduğu müalicəvi əhəmiyyətli yerlərinin olması mühüm rol oynayır. Hər daşı-qayası maraqlı olan Naxçıvanımıza tanrı bu baxımdan da bir miras bağışlayıb. Burada yerləşən “Duzdağ”, sözün əsl mənasında, möcüzəvi bir yerdir. Duzdan ibarət olan divarlar, döşəmələr və sair. Ağciyər və bronxial xəstəlikləri olan insanlar burada öz sağlamlıqlarına qovuşurlar.
5. Ordubad. Ordubad sucuğu, qozu, əriyi, limonu və ən əsası gözəl təbiəti, kiçik gölləri, çayları, dağları ilə ən az 1 gün sərf ediləcək gözəllikdə bir yerdir.
Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən biri də XVII əsrə aid Ordubad Qeysəriyyəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən Qeysəriyyə orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən üstüörtülü bazarlar qrupuna aiddir. Adətən bahalı mallar, xüsusilə daş-qaş, cəvahirat satılan bu bazarlara xalq arasında “Şah bazarı” da deyilirdi.
XVII əsrdə bişmiş kərpicdən tikilmiş abidənin ümumi sahəsi 540 kvadrat metrdir. Memarlıq quruluşuna görə Qeysəriyyə binası mərkəzi səkkizbucaqlı zaldan və onun tavanını qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd dayaqdan, dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Mərkəzi günbəz də daxil olmaqla abidənin hündürlüyü 8,5 metrdir. Şərq memarlığında nadir abidələrdən olan Qeysəriyyədə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Qeysəriyyə binasında 2010-cu ildə əsaslı bərpa və təmir işləri aparılıb.
6. Möminə xatun türbəsi məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində -Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.
Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.
7. Xan sarayı Naxçıvan şəhərində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsi.
Şərq memarlığı üslubunda tikilmiş abidə Naxçıvan xanı Rəhim xanın yaşayış evi olub. Bina zirzəmidən və 8 üst otaqdan ibarətdir. Qədim Qala məhəlləsində, Möminə xatun türbəsinin 50-60 m-liyində inşa edilib. Bişmiş kərpicdən tikilmiş, pəncərələrdə şəbəkə üslubundan, otaqlarda qədim Naxçıvanın yaşayış evlərinə xas taxça formalarından geniş istifadə olunmuşdur. Binanın yüksək təpə (Xan diki) üzərində inşa edilməsi onu son dərəcə əzəmətli və gözəl göstərir.
Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir.
Fərid Zöhrabov
"Trend" İnformasiya Agentliyinin əməkdaşı