Yer-yurd adlarımız həqiqətlərin Qoruyucusudur

A- A A+

Yer-yurd adlarımızdan söz düşəndə "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən Ağca qala, Alınca, Gəncə, Bərdə, Dərbənd, Dərəşam, Sürməli, Ağlayan, Ağırman, Ağqovaq, Ağsaz, Aladağ, Qaraçuq dağı, Göyçə dağı, Qazlıq dağı, Göyçə dənizi, Ümman dənizi və s. yer-yurd adlarımız yurdumuza əl uzadan xain qonşularımızı susdurmaq üçün ən güclü silahdır. İzi, közü, yaşantısı tarixin dərinliyindən bu günümüzədək gəlib çatan bu yurd adları "Dədə-Qorqud"  boylarının Vətənimiz Azərbaycanla bağlı olduğunu göstərir. Bu adlar qədim dövrlərdən üzübəri yol gələrək doğma yurdumuzun türk mənşəli, türk soylu olduğunu sübut etmək üçün tutarlı qaynaqdır.

Yer-yurd adlarımız-toponimlərimiz tarixin yaddaş kitabıdır. Toponimlərimiz xalqımızın qan yaddaşında yaşayan canlı tarixdir. Hətta məşhur tarixçilərin, arxeoloqların belə aça bilmədiyi tarixi faktları açıb bizlərə göstərir. Toponimlərimizdə bir elin, bir oymağın keçmişi, ağrı dolu, sevinc dolu yaşantısı, gün-güzəranı yaşayır. Yer-yurd adlarımızı öyrəndikcə elimizin, obamızın yüzilliklər arxasında qalmış keçmişi öz gizlincini açır, aydınlaşır, durulaşır...

Toponimlər tarixin daş yaddaşıdır. Hər hansı bir ölkənin, xalqın tarixini öyrənmək üçün müxtəlif daş kitabələr, yazılı mənbələrlə yanaşı toponimlər də etibarlı qaynaqlardan biridir.

Ozanlarımızın,  aşıqlarımızın hikmət dolu ustadnamələrində, təcnislərində, qoşmalarında doğma yurdumuzun adları sadalandıqca qəlbimizdə yurd sevgisi, torpaq məhəbbəti güclənib. Ustad sənətkarımız Aşıq Alı öz qoşmalarının birində yer-yurd adlarımıza öz məhəbbətini bildirmək üçün aşağıdakı misraları düzüb qoşub:

Nə qədər dolandım Turan elini,

Yenə öz torpağım yadıma düşdü.

Sarı nər yaylağı, Göyçə mahalı,

Öz gözəl oylağım yadıma düşdü.

"Kitabi-Dədə Qorqud" dastanının boyları içərisində "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy"da, "Uşun Qoca oğlu Səgrəyin boyu"nda və eləcə də "Salur Qazanın evinin yağmalanması boyu"nda adı çəkilən yer-yurd adlarımız bu torpağın qədim dövrlərdən türklərə məxsusluğunu bir daha təsdiqləyir. Adı çəkilən boylarda Göyçə dağı, Göyçə dənizi, Altuntaxt və şair kimi toponimlər tarixi həqiqətləri açıqlayır. "Salur Qazanın evinin yağmalanması boyu"nun sonunda oxuyuruq: "Qazan bəy ordusunu, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndü. Altuntaxtda yenə evin tikdi".

Bu da bir danılmaz həqiqətdir ki, indiki Ermənistan ərazisi bütünlüklə türk mənşəli yer-yurd adları ilə zəngin olmuşdur. Zaman-zaman xain qonşularımız Azərbaycan torpaqları hesabına özlərinə dövlət qurmaqla bərabər, burada olan yer-yurd adlarımızı da dəyişdirərək erməni adları ilə əvəz etdilər.

Sovetlər Birliyi dönəmində çap olunmuş kitabların bir qismində, hətta 1986-cı ildə İrəvanda erməni dilində çap  edilmiş "Ermənistan və ətraf rayonlarının toponimlər lüğəti" kitabında Göyçə mahalında Yuxarı Altuntaxt  və Aşağı Altuntaxt adlı kəndlərin olduğu qeyd olunur. Ümumiyyətlə, bu toponimlərin etimologiyasına diqqət yetirsək, görərik ki, bu yer-yurd adlarının kökü türk mənşəlidir. Lakin  ermənilər zaman-zaman bir çox türk mənşəli adları dəyişdirərək erməni mənşəli sözlərlə  əvəz ediblər.

Akademik Budaq Budaqovun və Qiyasəddin Qeybullayevin qələmə aldıqları "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti"nin mətnindən məlum olur ki, bu ərazidə türk mənşəli tayfalar hələ eramızdan əvvəl birinci minillikdə yaşayıblar. Ermənilər indiki Ermənistanda yığcam halda 1906-1928-ci illərdən sonra məskunlaşmışlar.

Ermənistanda yaşayan azərbaycanlılar 1905-ci ildən başlayaraq 1990-cı ilədək Ermənistan ərazisindən sıxışdırılaraq çıxarılıb. O zaman Sovet dövləti bu hadisələrə heç bir müdaxilə etməyərək laqeydliklə  seyrçi münasibət bəsləyirdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra 1997-ci il dekabr ayının 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanla azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmasına siyasi qiymət verdi və Ermənistanda yaşayan azərbaycanlılara qarşı tarixi cinayət aktı olduğunu rəsmi şəkildə bütün dünyaya çatdırdı.

Bəli, bu gün də ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirərək işğal etdikləri ərazilərdə toponimlərimizi erməni adları ilə əvəz edir, abidələrimizi dağıdıb, tarix səhnəsindən azərbaycanlıların izini silməyə çalışırlar.

 

Ədalət CƏFƏROĞLU

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: