Açıq Səma Altında Muzeyin 20 illiyi qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzeyin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirib ki, Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamı ilə yaradılıb. Həmin sərəncamda da qeyd edildiyi kimi, “Müasir tarixşünaslığın tələbləri baxımından tədqiqini gözləyən sahələrdən biri də azərbaycanlıların yaşadıqları ərazilərdə geniş yayılmış qədim qoç heykəlləri, qəbirüstü abidələri və daş üzərində oymalardır. Qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar azərbaycanlılarda ən qədim mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar xalqımızın qədim mədəniyyətindən nümunələr olmaqla bərabər, eyni zamanda estetik təsir bağışlayan sənət əsərləridir”. Qeyd olunub ki, ötən dövrdə muzeyin ekspozisiyası zənginləşib. Hər il muzeyi minlərlə insan, o cümlədən yerli və əcnəbi turistlər ziyarət edir.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədova çıxışında qeyd edib ki, ermənilərin qədim Azərbaycan torpağını erməniləşdirmək sahəsində apardıqları siyasətin bir istiqaməti də daşdan yonulmuş mədəniyyət nümunələrinin dağıdılması olub. Bu mənada Açıq Səma Altında Muzey daşdan yonulmuş mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliğində mühüm əhəmiyyət kəsb edir.
Sonra tədbir iştirakçıları muxtar respublika ərazisində tapılmış və açıq səma altında nümayiş olunan müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan ibarət eksponatlara baxıblar.
Leyla Cəfərzadə