Məmməd Səid Ordubadinin Ev Muzeyinin 50 illiyi qeyd olunub - FOTOLAR
Ordubad rayonunda şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, böyük ictimai xadim Məmməd Səid Ordubadinin Ev Muzeyinin yaradılmasının 50 illiyi qeyd olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, böyük ictimai xadim Məmməd Səid Ordubadi çoxşaxəli fəaliyyəti ilə təkcə ədəbiyyatımıza deyil, ümummədəniyyət tariximizə öz imzasını qızıl hərflərlə yazmış sənətkarlardandır. Onun yaradıcılığı, Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət səviyyəsində qiymətləndirilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə şair-dramaturqun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib, Ordubad şəhərində bir zamanlar yaşadığı ata ocağı ev muzeyinə çevrilib. Bu ev muzeyi 2010-cu ildə əsaslı təmir və bərpa edilib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli “Məmməd Səid Ordubadinin Ev Muzeyinin fəaliyyəti” və AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi” mövzularında çıxış ediblər.
Naxçıvan Dövlət Milli Dram Teatrı aktyorlarının ifasında Məmməd Səid Ordubadinin əsərlərindən parçalar səsləndirilib.
Sonda muzeyin ekspozisiyasına baxış olub. Qeyd olunub ki, muzeyin fondunda 720-ə yaxın eksponat saxlanılır, onlardan 400-dən çoxu ekspozisiya zallarında nümayiş etdirilir. Burada sərgilənən, ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, burada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları onun ədəbi irsinin öyrənilməsi baxımından dəyərli mənbələrdir.
Diqqətə çatdırılıb ki, yerli qonaqlarla yanaşı, Ordubad rayonuna səfər edən turistlər, xarici qonaqlar da muzeyi ziyarət edirlər.
Mədinə Rəhimli