Naxçıvanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunur - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Böyük Britaniyanın Rutland vilayətində 15-17 iyul 2022-ci il tarixləri əhatə edəcək Qlobal Quş Müşahidəçiliyi turizm sərgisində Naxçıvanın ornitoloji turizm potensialı nümayiş etdirilir. Dünyanın 60-dan çox ölkəsinin 250-yə yaxın turizm şirkəti və təşkilatının qatıldığı sərgidə ölkələrin turizm potensialı və turizm məhsulları tanıdılaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.
Sərgi çərçivəsində Azərbaycanın ornitoloji turizm imkanlarının təqdimatı məqsədilə xüsusi seminar təşkil olunub. Seminarda muxtar respublikamızdakı biomüxtəliflik, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında məlumat verilib. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanan Quş Müşahidəçiliyi və turizm potensialını əks etdirən bukletlər, “Naxçıvan Muxtar Respublikasının Xüsusi Mühafizə olunan Təbiət Əraziləri”, “Naxçıvan təbiəti” albom-kataloq, “Naxçıvan 4 fəsildə”, “Naxçıvan şərqin əfsanəsi” kitabları, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, həmçinin yerli istehsal məhsullarımızdan “Badamlı” mineral suyu, muxtar respublikanın turizm potensialı ilə bağlı videoçarxlar sərgidə nümayiş etdirilib.
Sərgi zamanı xarici şirkətlərə Naxçıvan Muxtar Respublikası haqqında geniş məlumat verilərək buradakı yerli turoperatorlarla əlaqələrin qurulmasına da köməklik göstərilib.
Qeyd edək ki, 1988-ci ildən bəri keçirilən beynəlxalq sərgidə hər il Avropa, Asiya, Afrika və Amerikanın bir çox ölkələri iştirak edir. Bu il Azərbaycan ilk dəfə olaraq Qlobal Quş Müşahidəçiliyi sərgisində təmsil olunur. Sərgidə vahid Azərbaycan stendi altında “Naxçıvan Muxtar Respublikası” stendi təşkil edilərək muxtar respublikanın bu sahədə turizm potensialı təbliğ olunur. Sərginin məqsədi muxtar respublikamızın turizm potensialını, muxtar respublikada olan nadir quş növlərini sərgi iştirakçılarına tanıtmaq və Quş Müşahidəçiliyi turizmi üçün əlverişli yerləri təbliğ edərək diyarımıza turist cəlb etməkdən ibarətdir.
Mədinə Rəhimli