5 May "Xalçaçı günü"dür - Milli sərvətimiz olan xalçaçılıq sənəti muxtar respublikada yaşadılır

A- A A+

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Azərbaycanda toxuculuğun tarixi 5-7 min il bundan əvvələ gedib çıxır. Naxçıvanda duz istehsalına başlanması, duzun tədavülü və daşınmasında torba və xurcunlardan istifadə toxuculuq sənətinin də qədim tarixindən xəbər verir. Toxuculuğun inkişafı isə xalçaçılıq sənətinin yaranması üçün geniş imkanlar açmışdır. Herodot, Klavdi Elian, Ksenofont və digər qədim dünya tarixçilərinin əsərlərində, "Kitabi-Dədə Qorqud" dastanında, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycan xalçaları haqqında məlumatlar verilmiş, bu dəyərli mədəni irsimiz tərənnüm olunmuşdur. Görkəmli Azərbaycan və dünya rəssamlarının tablolarında da təsvir olunan xalçalarımız bu gün dünyanın məşhur muzeylərinin ən dəyərli eksponatlarındandır.

"Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür", -deyən ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq milli dəyərlərimizin və tarixi-mədəni irsimizin qorunub yaşadılması qayğısına qalmış, bu sahədə məqsədyönlü tədbirlər görülmüşdür. Xalq tətbiqi sənətimiz də o dövrdə yeni inkişaf mərhələsinə qədəm qoymuş, xüsusilə xalçaçılıq sənətinin inkişafına diqqət artırılmışdır. Xalqımızın həyat şəraiti və məişəti ilə sıx bağlı olan xalçaçılıq sənəti ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində müstəqillik illərində daha da inkişaf etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qədim el sənəti olan xalçaçılığın inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki,   Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul olunması da bu sənətə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Bu gün ölkəmizdə xalçaçılıq sənətinin tarixi-mədəni dəyəri ilə yanaşı, onun iqtisadi əhəmiyyəti də yüksək qiymətləndirilir, şəhər və rayonlarımızda xalça istehsalı emalatxanaları istifadəyə verilir. Bu da yeni iş yerlərinin açılması və xalçaçılıq sənəti ilə bağlı xammal istehsalı sahələrinin inkişafına təkan verir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da Naxçıvanda xalçaçılıq sənətinin sənaye üsulu ilə inkişafına öz töhfəsini verəcəkdir.

Azərbaycan xalçaçılıq sənəti tarixində  Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu vardır. Zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxış və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirmişdir. Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılmış, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılmışdır. Xüsusilə heyvandarlığın və qoyunçuluğun inkişafı xalçaçılıq sənətinin formalaşmasında mühüm amil olmuşdur. Xalçaçılığın inkişafı isə boyaqxanaların yaranmasını zəruri etmiş, boyaqçılar bu torpaqda bitən gül çiçəklərdən, ağac qabıqlarından istifadə edərək min illərin yadigarı olan və əlvanlığını itirməyən xalçalarımızın təbii rəngini almışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: "Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır. Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal edilən iri ölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir."  

Bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublikanın Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvanda xalçaçılıq sənətinin bərpası və öyrənilməsi istiqamətində sistemli iş aparılır. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılması, 2010-cu ildə yeni bina ilə təmin olunması və internet saytının yaradılması bu sahədə görülən işlərin davamıdır. Muzeydə Naxçıvan xalçaçılıq məktəbinin 3 mindən artıq ən dəyərli nümunələri mühafizə və nümayiş olunmaqla yanaşı, həm də xalça toxunuşu həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaratmış, yeni elmi araşdırmaların aparılmasına stimul vermişdir. Bu sahədə görülən işlərin davamı olaraq, nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabı və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı çap olunmuş, “Naxçıvan xalçaları” sənədli filmi hazırlanmışdır. "Naxcıvan xalçaçıları" kitabında 254 naxçıvanlı toxucu haqqında məlumatlar toplanmışdır. Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il  9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bununla da qədim el sənətinin hərtərəfli araşdırılması və təbliği üçün geniş imkanlar açılmışdır. Dövlət Proqramı Naxçıvan xalçaçılıq məktəbinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması, gənc xalça toxuyanların yetişdirilməsi də diqqət mərkəzindədir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kursları açılmış, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi fəaliyyətə başlamış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında, eləcə də Sədərək Xalçatoxuma müəssisəsində xalça toxunması təşkil olunmuşdur. Həmçinin 2014-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi həyata keçirilir. Layihənin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınlarla müqavilələr bağlanılmış, onlara hana, ip və digər lazımi avadanlıq və materiallar verilərək evlərdə xalça toxunuşu təşkil edilmişdir. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə də Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir.

Muxtar respublikada xalçaçılıq sənətinin inkişafı sahəsində görülən işlər və yaradılan şərait xalq tətbiqi sənətinin bu növünün daha da zənginləşdirilərək gələcək nəsillərə çatdırılmasına imkan verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: