Naxçıvanda Azərbaycan Kinosu Günü qeyd olunub - FOTOLAR
Bu gün Azərbaycan kinosunun yaranmasından 124 il ötür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 2 Avqust - Azərbaycan Kinosu Günü ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Natəvan Qədimova bildirib ki, Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşub. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Qeyd edilib ki, bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.
Tədbirdə Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında da kino sənətinin inkişafına diqqət və qayğı göstərilir. Naxçıvan şəhərində Gənclik Mərkəzi, Şahbuz şəhərində "Araz”, Şərur şəhərində "Bahar” kinoteatrları, rayonlardakı mədəniyyət sarayları ən müasir videoproyektorlarla, texniki avadanlıqlarla təchiz olunub. Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən Dövlət Film Fondu da hərtərəfli qayğı ilə əhatə edilib. Fondun televiziyalar, kinoteatrlar, mədəniyyət müəssisələri, təhsil ocaqları və hərbi hissələrlə geniş əlaqələri vardır.
Sonda Zeynəb Kazımovanın “Axırıncı namaz” bədii filminin təqdimatı olub və Zaur Qasımlının “Miras” bədii-sənədli filmi nümayiş etdirilib.
Sevda Əliyeva