Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Misirin nüfuzlu ETC telekanalının “Visa” proqramına geniş müsahibə verib. NUHÇIXAN xəbər verir ki, müsahibəsində Azərbaycan-Misir əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini vurğulayan səfir son illər ərzində ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlığın genişləndirildiyini deyib, cari ilin noyabr ayından etibarən Bakı-Şarm əl-Şeyx şəhərləri arasında birbaşa çarter reysinin açılacağını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələrək, bu istiqamətdə aparılan islahatların son illər daha da intensiv xarakter daşıdığını qeyd edən diplomat bunun nəticəsi olaraq, Azərbaycanın dünyada turizm ölkəsi kimi tanındığını, 2017-ci ilin statistikasına görə ölkəmizə gələn turistlərin sayının üç milyona yaxın olduğunu qeyd edib. T.Rzayev turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlətimizin başçısının müvafiq sərəncamlarından sonra Azərbaycanın bir çox ölkələrlə viza prosedurunu asanlaşdırdığını, Azərbaycana gələn qonaqların ölkəmizin beynəlxalq hava limanlarında, habelə diplomatik nümayəndəliklərdə çox asanlıqla viza ala bildiklərini diqqətə çatdırıb. Azərbaycanın yay və qış turizm potensialına toxunan səfir ölkəmizdə dəniz turizminin inkişafı, sağlamlıq turizminin növləri barədə də danışıb. “Visa” proqramında Azərbaycanın füsunkar təbiətini, turizm infrastrukturunu əks etdirən videoçarxlar da nümayiş etdirilib.