Məşhur ispan rəssamı Pablo Pikassonun oğurlanmış tablosu İraqın Diyala əyalətində tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə rəsmi INA agentliyi məlumat yayıb.
Pikassonun milyonlarla dollar dəyəri olan əsərinin orijinalı iraqlı narkotacirlərin sığınacağı olan evdən tapılıb. İraq polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı departamentinin rəisi, polkovnik Bilal Subhi bildirib ki, üç narkotik qaçaqmalçısının həbs olunduğu əməliyyat zamanı məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb.
“Arabnews” qəzetinin yazdığına görə, tablo ilə bağlı təfərrüatlar açıqlanmır. Rəssamın adını daşıyan Pablo Pikasso Fondu bu məsələyə münasibət bildirməyib.