Muxtar respublikada aparılan miqrasiya siyasətinin turizmə təsiri

A- A A+

Müasir dövrdə davamlı və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbedicilik, qədim tarix və zəngin mədəniyyət turizmin məhz ən önəmli faktorlarından hesab edilir. Bu gün əlverişli coğrafi mövqeyi, füsunkar təbiət müxtəlifliyini, müasirlik və tarixiliyi özündə ehtiva etməsi, eyni zamanda əmin-amanlıq şəraitində təhlükəsizliyin və ictimai-siyasi sabitliyin mütləq surətdə qorunması Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına etibarlı zəmin yaradıb.

Maraqlıdır, bəs turizmin inkişafında miqrasiya proseslərinin rolu və əhəmiyyəti nədən ibarətdir?

Mövcud reallıqdır ki, Naxçıvan Muxtar Respublikasının perspektivli turizm diyarına çevrilməsi həm də muxtar respublikada aparılan miqrasiya siyasəti ilə sıx bağlıdır. Bu gün fəaliyyət istiqamətlərində miqrasiya proseslərinin idarə edilməsi, o cümlədən tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti muxtar respublikaya səfər edən hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eləcə də turistlərin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara rahat, operativ və şəffaf xidmətlərin göstərilməsi üçün məqsədyönlü tədbirləri uğurla davam etdirir.

Bu gün Dövlət Miqrasiya Xidmətində fəaliyyətin başlıca prioritetlərindən biri də mühüm əhəmiyyət kəsb edən Dövlət proqramlarının vaxtında və dəqiq icrasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na əsasən sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, habelə sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, muxtar respublikaya gələn əcnəbilərin elektron qaydada olduğu yer üzrə qeydiyyatı üçün əlverişli şərait yaradılıb, bu sahədə məlumatlılıq səviyyəsi daha da artırılıbdır. Həmçinin miqrasiya bölmələrində Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə muxtar respublikanı tərk edən əcnəbilərin pasportlarına və digər sənədlərinə nəzarət operativ qaydada həyata keçirilir ki, bu da dövlət proqramının icrası istiqamətində atılan addımların mühüm tərkib hissəsidir.

Muxtar respublikanın malik olduğu geniş turizm potensialının inkişafı və yay turizm mövsümü ilə əlaqədar miqrantların səfəretmə niyyətinin artması, xüsusilə sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin vəzifə və məsuliyyət yükünü daha da artırıb. Miqrasiya bölmələrində əsas məqsəd miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlərlə tənzimlənməsindən, qanunsuz miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərinin həyata keçiril­məsindən, o cümlədən diyarımıza turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin daha rahat giriş-çıxış etmələrinin təmin olunmasından ibarətdir. Naxçıvana gələn qonaqlar əgər muxtar respublikamızda müvəqqəti olmaları haqqında dəqiq məlumatlara sahib deyillərsə, bu zaman rahatlıqla miqrasiya bölmələrinə yaxınlaşa, elektron məlumat köşkləri vasitəsilə zəruri məlumatları əldə edə bilərlər. Əlavə olaraq məlumatlar Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində həm yazılı, həm də səsli formada təqdim olunur. Maarifləndirmə ilə bağlı mövcud prosedurlar yalnız elektron qaydada deyil, həm də miqrasiya bölmələrinin əməkdaşları tərəfindən şifahi olaraq həyata keçirilir, bu sahədə yarana biləcək istənilən çətinlik qarşısında rahatlıqla müraciətetmə qaydaları ətraflı izah olunur. Əminliklə demək olar ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində istər sənədlərin yoxlanılması, istərsə də onlarla dialoq zamanı etik davranış qaydalarına mütləq surətdə riayət edirlər. 

Son illər müxtəlif məqsədlərlə muxtar respublikamıza səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığını və məmnuniyyətini artıran əsas amillərdən biri də xidmət tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılmasıdır. Bu gün miqrasiya bölmələrində Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə xarici ölkə vətəndaşlarının Dövlət Miqrasiya Xidmətinə gəlmədən də olduğu yer üzrə qeydiyyata alınma prosesi operativ qaydada həyata keçirilir. Reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir ki, cari ilin birinci yarımili ərzində sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələri tərəfindən 250-yə yaxın əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb. Həyata keçirilən ardıcıl tədbirlər, şübhəsiz ki, əcnəbilərin məmnunluq səviyyəsinin daha da artırılması istiqamətində atılan addımların növbəti təzahürüdür.

Muxtar respublikamıza səfər edən turistlərin rahatlığı və sərbəst hərəkət etmələri nə qədər önəmlidirsə, onların hüquq və vəzifələri, həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da Dövlət Miqrasiya Xidməti tərəfindən diqqətdə saxlanılan məsələlərdəndir. Xüsusilə qeyd edilməlidir ki, qanuni miqrasiyanın təbliği və təşviqi, eyni zamanda operativ qaydada elektron xidmətlərin göstərilməsi, elektron müraciətlərin qəbulu və cavablandırılması işinin intensiv şəkildə həyata keçirilməsi sahəsində "202" Miqrasiya Məlumat Mərkəzinin, xidmətin miqrasiya.nakhchivan.az rəsmi saytının və sosial şəbəkə hesablarının rolu müstəsna əhəmiyyət kəsb etməkdədir.

Xidmətin rəsmi internet saytının daha çox əcnəbilər tərəfindən istifadəsi nəzərə alınaraq www.migration.nmr.az adı ilə də fəaliyyəti təmin edilib. Bununla da əcnəbilərin ingilis dilinə üstünlük verməsi və saytın ikinci adının məhz həmin dildə fəaliyyət göstərməsi istifadəçilərin işini daha da asanlaşdırıb. Belə ki, bu gün muxtar respublikaya səfər etmək niyyətində olan qonaqlar diyarımıza gəlmədən əvvəl də istər miqrasiya qanunvericiliyi, istərsə də qədim diyarımızın zəngin turizm potensialı ilə bağlı məlumatları ingilis dilində də əldəetmə imkanına malikdirlər.

Bu gün muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin uğurla reallaşdırılması, miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi və günün tələblərinə uyğun aparılması, habelə turistlərin rahatlığının və məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlərlə Dövlət Miqrasiya Xidməti də turizm sahəsinə öz töhfəsini verməyə çalışır, bu sahədə fəal miqrasiya siyasəti yürüdür. 

Arif Bayramov 
Naxçıvan Muxtar Respublikası 
Dövlət Miqrasiya Xidmətinin 
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: