26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür - FOTOLAR
Muğam sənəti Azərbaycan xalqının milli sərvətidir
Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Millətin milli özünüdərki, həyat tərzi və soykökünün göstəricisi olan bu zəngin sənət növü xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir.
Azərbaycan muğamı xalqımızın ruhunu əsrlər boyu yaşatmış, bu gün də yaşatmaqdadır. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Məhəbbət və nifrət, xeyir və şər, hicran və vüsal, mübarizə və döyüş, inam və qələbə üzərində köklənən muğamlar məzmun və fəlsəfi zənginlik yaradaraq hər bir azərbaycanlının mənəviyyatına daxil olmuşdur. Muğam sənətinin zənginliyi, ucalığı, əbədiyaşarlığı da bu dəyərləri əsrlərdən-əsrlərə daşımasındadır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün bunları nəzərə alaraq deyirdi: “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”.
Azərbaycan muğamının ən mühüm cəhətlərindən biri də musiqi ilə qüdrətli sözün, yəni həqiqi poeziyanın vəhdətdə olmasıdır. Bu qüdrətli musiqini insana, dinləyicilərə çatdırmaq üçün həm də qüdrətli poeziya nümunəsinə ehtiyac duyulur. Muğam ifaçılığının yayılmasında və onun professional şəkil almasında XIX əsrin 20-ci illərindən XX əsrin əvvəllərinə qədər Azərbaycan şəhərlərində mövcud olmuş ədəbi və musiqi məclisləri böyük rol oynamışdır. Şuşa, Ordubad, Bakı, Şamaxı, Lənkəran, Gəncə kimi şəhərlərdə fəaliyyət göstərən belə məclislərdə şairlər, ədiblər, musiqiçilər, ziyalılar, klassik poeziyamızın və musiqimizin sərrafları, biliciləri toplaşır, muğamları dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Bu məclislər Azərbaycan muğam sənətinin formalaşmasına, onun gələcək inkişafına güclü təsir göstərmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əlağa Vahid və başqa şairlərimizin qəzəlləri üstündə oxunan “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Şüştər”, “Humayun”, eləcə də “Şahnaz”, “Rahab”, “Heyratı”, “Arazbarı”, “Simayi-şəms”, “Mənsuriyyə” və başqa muğamlar tükənməz söz-sənət xəzinəsi kimi milli musiqi mədəniyyətimizi zənginləşdirmişdir.
Əsrlərdən bəri zəngin mədəni ənənələri ilə şöhrət qazanmış sənətkarlar – şair və yazıçılar, musiqiçilər yurdu kimi tanınmış, Qarabağın tacı və Azərbaycan mədəniyyətinin paytaxtı sayılan Şuşa şəhəri Azərbaycan musiqi mədəniyyətinin, eləcə də muğam sənətinin yaşadılması və inkişafındakı roluna görə “Şərqin konservatoriyası” adlandırılmışdır. Hələ XIX əsrin əvvəllərindən etibarən Qarabağda muğam ifaçılığı məktəbinin əsası qoyulmuş, sonrakı dövrlərdə Seyid Şuşinski, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, Zülfü Adıgözəlov, İslam Abdullayev, Xan Şuşinski kimi görkəmli muğam ifaçılarının, XX əsrin ikinci yarısında isə Sara Qədimova, Arif Babayev kimi xanəndələrin, Qurban Pirimov, Məşədi Zeynal kimi tarzənlərin bu sənət məktəbinin inkişafı və yaşadılmasında böyük rolu olmuşdur.
Azərbaycan muğamının mükəmməl elmi əsasını XX əsrdə dahi bəstəkar Üzeyir Hacıbəyli qoymuşdur. Bu dövrdə muğam Azərbaycan bəstəkarlarının, şairlərinin ilham mənbəyi olmaqla qiymətli sənət əsərlərinin meydana gəlməsinə öz təsirini göstərmişdir. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və başqaları muğam sənətinə əsaslanaraq qiymətli sənət nümunələri yaratmışlar. Azərbaycan musiqisində simfonik muğamların yaranması muğam sənətinin rəngarəngliyini, onun ifadə imkanlarının geniş olduğunu göstərməkdədir. Fikrət Əmirovun “Şur”, “Gülüstani-bayatı-şiraz”, Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-şiraz” simfonik muğamları, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, Vaqif Mustafazadənin muğam əsasında ifa etdiyi əsərlər, bəstələdiyi musiqilər dünyanın müxtəlif ölkələrində dinləyicilərin qəlbini fəth etməkdədir. Bu musiqi əsərləri arasında muğam operası, simfonik və xor muğamları, sonata-muğam, caz-muğam kimi sənət nümunələrinə rast gəlinir ki, bunlar da muğam ənənələrinin yaşadılmasının gözəl ifadəsidir.
XX əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoymuş, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunmuşlar. Musiqi mədəniyyəti, o cümlədən muğam sənəti tariximizin ötən əsrin 70-ci illərindən bəri olan inkişaf dövrü ulu öndərin adı ilə bağlıdır. XX əsrin 80-ci illərinin ortalarında Azərbaycan muğamının sədaları respublikamızın hüdudlarını aşaraq xarici ölkələrdə də geniş şəkildə səslənməyə başlamışdır. Məhz bu illərdə muğam sənətinə marağın daha da artması və bir sənət kimi muğama baxışların formalaşması üçün yeni şərait yaranmağa başladı. 1971-ci ildə YUNESKO-nun 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilmiş, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılmışdır.
Müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndərin 2003-cü il 16 may tarixdə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınmışdır. Həmçinin müxtəlif festivallarda, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət və musiqi tədbirlərində Azərbaycan muğamı əzəmətlə səslənmişdir. Bütün bunlar sonrakı illərdə də zəngin muğam sənətimizin inkişafı və tanıdılmasında həlledici rol oynamışdır. 2003-cü ildə Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuş, 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısı”na daxil edilmişdir.
Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiramla yanaşılır, bu sənətin yaşadılması və təbliğinə böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması qədim sənət incimizə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür... Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir”.
Muğam sənətinin qorunub saxlanması və tanıdılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, 24 görkəmli muğam ifaçısının səsləndirdiyi muğam parçalarından ibarət “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, Azərbaycan, rus və ingilis dillərində ikicildlik “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır. Azərbaycanda 2009-cu ildən Beynəlxalq Muğam Festivalına və bu festival çərçivəsində Beynəlxalq “Muğam aləmi” simpoziumunun keçirilməsinə start verilmişdir.
Naxçıvan Muxtar Respublikasında da muğam sənətinin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına əsasən keçirilən “Xalq yaradıcılığı günləri”ndə zəngin folklor nümunələri ilə yanaşı, muğamlarımız da ifa edilir, onun ecazkar sənət nümunəsi kimi təbliğinə böyük diqqət göstərilir. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunması isə muğam musiqisi sahəsində yaddaqalan tədbirlərlə əlamətdar olmuşdur. Həmin il keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. 2013-cü ildə isə Azərbaycan Respublikasında keçirilən “Muğam müsabiqəsi – 2013” televiziya müsabiqəsinin bir mərhələsi Naxçıvanda keçirilmiş, müsabiqənin münsiflər heyətinin üzvləri, tanınmış muğam ustaları Naxçıvan Dövlət Universitetində olmuş və ustad dərsləri keçmişlər.
Qədim diyarımızda son illər xalq musiqimizin, muğamlarımızın nota köçürülməsi ilə bağlı görülən işlər də bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu gün Naxçıvanda muğam sənətinin öyrənilməsi, təbliği və tədrisi sahəsində mühüm işlər həyata keçirilir. Naxçıvan Musiqi Kollecində, uşaq incəsənət, bədii sənətkarlıq və musiqi məktəblərində muğam dərsləri tədris olunur, yeniyetmə və gənc muğam ifaçıları yetişdirilir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muğam ustaları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülür, musiqimizi və muğamlarımızı yaşadan sənətkarlarımızın yubileyləri qeyd edilir. Həmçinin Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Muğam lektoriyası” layihəsinin həyata keçirilməsi milli musiqi xəzinəmizin incisi olan muğamlarımızın gənclər tərəfindən daha yaxşı mənimsənilməsinə və bu mədəni irsin qorunub saxlanılmasına dəyərli töhfədir.
Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında muğam sənətinin inkişafına göstərilən diqqət və qayğı bu sənətin daha da zənginləşməsinə öz töhfəsini verir. Çünki muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin musiqisidir. Elə buna görədir ki, sərhədləri aşan Azərbaycan muğamı bu gün bütün dünyada sevilərək dinlənilir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti