Məşhur komediya ustası Kris Rok ABŞ Kinoakademiyasının təşkil etdiyi növbəti 2023-cü il “Oskar” mükafatlandırma mərasiminə aparıcılıq etmək təklifini rədd edib.
NUHÇIXAN İnformasiya Agentliyi kinonews.ru saytına istinadla xəbər verir ki, tanınmış komediyaçı bu barədə media nümayəndələrinə məlumat verib.
Xatırladaq ki, 2022-ci il “Oskar” mükafatlandırma zamanı Kris Rokun dediyi sözləri onun həyat yoldaşı Jada Pinkett Smit haqqında xoşagəlməz zarafat hesab etdiyi üçün aktyor Uill Smit səhnəyə çıxaraq komediyaçının üzünə sillə zərbəsi endirmişdi. Buna görə də Kinoakademiyanın idarə heyəti U.Smitin “Oskar” mükafatlandırma mərasimlərində və ya Akademiyanın digər tədbirlərində iştirakını növbəti 10 il müddətində qadağan edib. Bu məsələ Hollivud aktyoru U.Smitin karyerası və nüfuzuna xeyli ziyan vurdu, eləcə də onun iştirakı ilə bir çox layihələr dondurularaq, ləğv edildi.
2022-ci il iyulun sonunda U.Smit bağışlanma xahişi ilə K.Roka müraciət edərək üzrxahlıq videosu da paylaşıb.