Oktyabrın 12-13-də Sankt-Peterburqda MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iclasda 10-dan çox məsələyə, o cümlədən 2016-2020-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığın əsas tədbirlərinin və MDB-də Mədəniyyət İlinə həsr edilmiş Tədbirlər Planının yerinə yetirilməsi, “Birliyin mədəni paytaxtları” dövlətlərarası proqramın həyata keçirilməsinin gedişi məsələlərinə baxılması nəzərdə tutulur.
Şura üzvləri “MDB ART EXPO” Beynəlxalq sərgisinin keçirilməsi, muzey işi sahəsində əməkdaşlığa dair saziş layihəsinin hazırlanması üzrə işin gedişi, MDB ölkələrinin müasir müəlliflərinin bədii əsərlərindən ibarət “Birlikdə oxuyuruq – bir-birimizi öyrənirik” adlı səyyar sərgi layihəsinin həyata keçirilməsi, Birlik iştirakçısı olan dövlətlərin Delfi Gənclər Oyunlarının təşkili, mədəniyyət və incəsənət məsələlərinə həsr edilmiş “Sodrujestvo iskusstv” adlı dövlətlərarası informasiya-analitik jurnalın nəşri və bir sıra başqa məsələləri müzakirə etmək niyyətindədirlər.
Mədəni Əməkdaşlıq Şurası 1995-ci ildə yaradılıb. Şuranın tərkibinə Birlik üzvü olan bütün 11 ölkənin mədəniyyət nazirləri daxildir.