Sahib olduqlarımız, yoxsa sahib çıxdıqlarımız?!

A- A A+

Dünyaca məşhur bir musiqişünas çıxışlarının birində belə deyirdi: “Musiqi siz düşündüyünüzdən belə çox uzun illər əvvəl, insanın varlığı ilə yanaşı mövcud olub. İnsanın səsindən tutmuş, addım səsinə, bir-birinə toxunan əldən yaranan səsə qədər hamısının xüsusi tonu, ahəngi var”. Əslində, fiziki hadisə olan səs musiqili və qeyri-musiqili növlərə ayrıldığı zaman bu iddia müzakirəyə səbəb ola biləcək bir iddiadır. Lakin ümumi olaraq, məhz elə insan səsindən misal götürülərək söhbətə başlanıldığı zaman bu fikri təsdiqləmək olar.

Dilimizdə istifadə olunan beynəlmiləl sözlər var. Yəni dünyanın harasında olursan ol, qarşı tərəfə telefon, futbol kimi sözlərlə müraciət etsən, o sənin nədən bəhs etdiyini mütləq başa düşəcəkdir. Bu qaydanın eyni zamanda musiqi barəsində də keçərli olduğunu təsdiq edirlər. Yəni musiqi də bəşəriyyətin beynəlxalq dilidir. Dünyanın harasında olursan ol, hansı ölkə bəstəkarının yaradıcılıq nümunəsi olmasından asılı olmayaraq musiqini tanıyarsan. Qısacası, dinləyə bilirsənsə, məsələ bitmişdir.

Təbii ki, bu deyilənlər daha çox klassik musiqi nümunələrinə aid edilir. Çünki bu nümunələr istər üslub-struktur, istərsə də melodiya cəhətdən illərlə, hətta əsrlərlə dəyişilməz qalır.

Təəssüflər olsun ki, bu gün gündəmi klassik musiqidən çox, sonradan yaranan digər müasir musiqi janrları zəbt edir. Belə musiqi nümunələri bir-neçə aylıq dillərdən düşməsə də, uzunömürlülük baxımından klassik musiqi nümunələri ilə təbii ki, müqayisə oluna bilməz.

Mövzunun bu yerində 19-cu əsrin məşhur alman bəstəkarı olan İohann Sebastyan Baxın barəsində yazmaq istəyirəm. Demək olar ki, çox az insana rast gəlinə bilər ki, bu bəstəkarın heç olmasa adını eşitməsin. O, musiqi tarixində yenilməz polifonik ustad, klavir konsertinin banisi, ilk dəfə olaraq temperasiyalı quruluşda bədii yaradıcılıq təcrübəsi yaradan ilk bəstəkar kimi tanınır. Mən deyərdim ki, Bax öz dəsti xətti, polifoniyası ilə özü təklikdə bir məktəbdir. Buna baxmayaraq, o, dövrünün sevilməyən, yaradıcılığı qəbul edilməyən bəstəkarlarından olub. Onun bəstələdiyi əsərlər anlaşılmazlığı və qəlizliyi əsas götürülərək dövrünün insanları tərəfindən daim narazılıqla qarşılanıb. Bəs necə oldu ki, əsərləri geniş kütlə qarşısında ifa olunmayan, dinlənilməyən, ümumilikdə isə yaradıcılığı qəbul edilməyən bir bəstəkar bu gün belə bir məşhurluq səviyyəsində qərarlaşıb? Həqiqətən də təhsilin səviyyəsindən asılı olmayaraq, bütün musiqi təhsili müəssisəsində Baxın yaradıcılığına sıx müraciət edilir, onun öyrədici, təkmilləşdirici əhəmiyyətə malik əsərləri hətta məcburi proqramlara belə salınır.

Bir musiqişünas olaraq mövzu ilə bağlı araşdırma apararkən xarici mənbələrin birində maraqlı bir iddia ilə qarşılaşdım. Deməli, mənbədə qeyd edilir ki, məlum olduğu kimi, yaradıcılığı qəbul edilməməsi səbəbilə Bax elə öz dövründə unudulmuşdu. Sonradan alman bəstəkarı olan Mendelson bir gün mağazadan ət alır. Evə gəlib əti açır və həmin kağız parçasındakı not partiyası onun diqqətini çəkir. Not partiyasını analiz edən Mendelson bu kağız parçasının hardan tapıldığını öyrənmək üçün yenidən ət mağazasına üz tutur. Ardınca isə uzun axtarışlara başlayır. Xülasə, Bax yaradıcılığını kəşf edən bəstəkar onu dünyaya tanıtmaq qərarına gəlir və nəhayət, 1829-cu ildə onun “Matveyin əzabları” adlı əsərinin ifasına dirijorluq etməklə bu yolda ilkin addımı atır. Ardınca Baxın müxtəlif əsərlərinin ifası, çoxsaylı musiqişünaslar tərəfindən aparılan araşdırmalar, tapılan naməlum not partiyaları və bu istiqamətdə görülən genişmiqyaslı işlər bu kütləni daha da genişlədir.

Mövzudan kənarlaşdığım düşünülə bilər. Lakin mənim ön plana çıxarmaq istədiyim məsələ budur ki, Bax ortaya çıxarıldığı, geniş kütləyə tanıdıldığı zamandan çox uzun illər əvvəl yaşayıb yaratmışdı. Lakin buna baxmayaraq, o, kəşf olunduğu gündən musiqi dünyasında bir çaxnaşmaya səbəb oldu, yazıb- yaratdığı əsərlər fərqliliyi ilə seçildi və bu gün belə bu ənənə davam etdirilir. Niyə? Çünki onun yaradıcılıq dəst-xətti, musiqi qanunlarına tabe olan əsərləri buna layiq idi.

Lap elə bu gündən misal gətirək. Hər ilin “trendi” deyə bir qavram var. Hansı ki trend adlandırılan bu musiqi yaranır, günlərlə, həftələrlə, bəzən isə aylarla dillərdən düşmür, zamanla isə yerini başqa musiqilərə verir. Və beləcə, ildən-ilə trend musiqi dəyişir, köhnə arxa plana çəkilərək, yeniyə yer açılır. Bəs klassik musiqilərimiz, muğamlarımız da eyni taleyimi yaşayır? Əlbəttə ki, yox.

Yoxsa, heç şübhəsiz ki, istənilən musiqiçinin öz dinləyici audiyoriyası var. Yəni bəstəkar yaradıcılığı, bəstəkar dəst-xətti individualdır. Bəzən zövq etibarilə məsələ dinlədiyin bəstəkarda, müğənnidə deyil, janrdadır. Çünki bəzi partituraları sadəcə dinləmək kifayət etmir. Onları dərk etmək də tələb olunur ki, bunun üçün də musiqi savadına sahib olmaq mütləqdir. Buna görə də hər kəsdən Vyana klassiklərinin dinləyici kütləsindən olmağı tələb etmək də mümkünsüzdür.

Xülasə, bu gün Musiqi Günü kimi qeyd olunur. Bu əlamətdar günün niyə məhz bu tarixdə qərarlaşması isə, milli musiqimizin banisi olan Üzeyir Hacıbəyovun doğum gününün elə bu tarixə- 18 sentyabra təsadüf etməsi ilə əlaqədardır.

Zərdabinin belə bir fikri var: “Bir xalqı məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini, sonra isə özünü məhv et”. Bir çoxları isə haqlı olaraq bu fikrə xalqın mədəniyyətini, incəsənətini də əlavə ediblər. Həqiqətən də hər bir xalq ölkəsindən kənarda mənsub olduğu adət-ənənəsi, mədəniyyəti, incəsənəti ilə tanınır. Əslində sahib olduqlarımız bizim kim olduğumuz barədə qarşı tərəfə ilkin məlumatı verir. Necə ki, bir insanı oxuduğu kitab, dinlədiyi musiqi, izlədiyi filmlərlə qismən də olsa xarakterizə etmək mümkündür. Biz də eyni zamanda ölkəmizdən kənarda sahib olduqlarımızla tanınırıq. Sahib olduqlarımızı layiqincə yaşadıb, onlara sonuna qədər sahib çıxmağımız diləyilə...

               Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: