XIX əsrin sonu XX əsrin əvvəlində Naxçıvan Teatrında xeyriyyəçilik

A- A A+

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 1883-cü ilin may ayının 11-də oynadığı ilk tamaşası, M.F.Axundovun “Müsyö Jordan  və Dərviş Məstəlişah”la Azərbaycan teatr tarixinə öz adını yazdırdı. Naxçıvanlı ziyalılar və maarifpərvər insanların təşəbbüsü ilə yaradılan bu sənət ocağı 139 ildir ki, fasiləsiz olaraq teatrsevərlərə öz tamaşalarını təqdim edir. Bakıda yaranan Azərbaycan teatrından 10 il sonra naxçıvanlı aydınlar Eynəli bəy Sultanov,  Məmmədtağı Sidqi, Qurbanəli Şərifov, Mirzə Sadıq Qulubəyov və başqalarının təşəbbüsü ilə atılan bu addım təkcə teatrın deyil, həmçinin ədəbiyyatın, dramaturgiyanın, teatr rəssamlığının, bəstəkarlığın da inkişafına ciddi təsir göstərdi. Çünki teatr sintez sənət olduğu üçün bunlarsız onu təsəvvür etmək çətindir. Bununla yanaşı Naxçıvan teatrının tarixində maraqlı bir hərəkat, xeyriyyəçilik də paralel olaraq sənətlə yanaşı həyata keçirilməyə başladı. Belə ki, Naxçıvanda həvəskarlar tərəfindən peşəkar səviyyədə təqdim edilən  tamaşaların əksəriyyəti ilk illərdə xeyriyyə məqsədilə oynanılırdı.

Bir məqamı da yaddan çıxarmaq olmaz ki, xeyriyyə tamaşalarından əldə edilən gəlir  bir tərəfdən ehtiyacı olan məktəblərə, insanlara sərf edilirdisə, digər tərəfdən də yenicə fəaliyyətə başlayan teatr üçün bir növ reklam sayılırdı. Çünki həmin illərdə Naxçıvanda ziyalı mühiti yetərincə olsa da, ümumilikdə cəmiyyətdə teatr oyunu radikal ruhanilər tərəfindən heç də yaxşı qarşılanmırdı. Məlum olduğu kimi o zamanlar Mirzə Fətəli Axundovun yazılan komediyalarında fırıldaqçı din adamları, saxtakar ruhanilər dolayı və ya birbaşa tənqid hədəfinə  çevrilirdi. Ona görə də bəzən öz prototiplərini səhnədə görən “din adamları” teatrla mübarizə aparırdılar. O da məlumdur ki, C. Məmmədquluzadənin “Ölülər” əsəri tamaşaya qoyulandan sonra bir qrup adam Şeyx Nəsrulla obrazını oynayan  Əliqulu Qəmküsara hücum edib onu möhkəm döydükdən sonra evlərinin yaxınlığındakı Bazar çayına salıblar. Digər bir fakt: 1918-ci il mart ayının 26-da Naxçıvanda “İmdad” dram cəmiyyəti tərəfindən “Ölülər” əsəri yenidən tamaşaya qoyulur. Tamaşadan sonra mürtəce qüvvələr “İmdad”ın avadanlıqları saxlanılan otağın qapısını açaraq teatra aid bütün əşyalara od vurub yandırmış, masanın üstünə isə belə bir məktub qoyub getmişlər: “Bir daha “Ölülər” əsərini tamaşaya qoysanız özünüzü ölmüş bilin”. Bunları qeyd etməkdə məqsəd Naxçıvanda həmin dövrdə bəzi qaragüruhçuların teatra olan münasibətini və teatrda çalışan insanların hansı şəraitdə fədakarlıqla işlədiklərini diqqətə çatdırmaqdır. Digər tərəfdən isə ziyalıların teatrı xalq arasında yaşatmaq, onu inkişaf etdirmək üçün göstərdikləri təşəbbüsləri, səyləri təqdim etməkdir. Teatrın təkcə insanları əyləndirmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bir vasitə deyil, həm də onları düşündürmək, tamaşada baş verən hadisələrə münasibət bildirmək, nəticə çıxarmaq  baxımından da vacib bir sahə olduğunu göstərmək üçün o zamankı teatr fədailəri  müxtəlif təsir vasitələrinə əl atırdılar. Qeyd etdiyimiz kimi, xeyriyyəçilik məqsədilə təşkil edilən tamaşalar da teatrın humanizm prinsipləri ilə fəaliyyət göstərən bir sənət ocağı olduğunu sübut etmək idi. Hətta Naxçıvanda oynanılan ilk tamaşa ilə bağlı “ Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti” üzvləri Xalq Məktəbləri inspektoru U.V.Lovalnikova belə bir məzmunda teleqram göndəriblər: “Əlahəzrət qarşısında xahiş olunur ki, Naxçıvan şəhərində müsəlman “Şiə” dram incəsənəti həvəskarları tərəfindən may ayında 1848-ci ildə nəşr olunmuş “Cadus” kitabından tamaşalar hazırlanıb yoxsulların xeyrinə göstərilməsinə icazə verilsin. Fayfi.” Bu teleqramdan da göründüyü kimi teatrın ilk tamaşası belə xeyriyyə məqsədilə oynanılmışdır.

“Cadust” tamaşası M.F. Axundovun “Cadugər Məstəlişah” komediyasının adına daha çox uyğun gəlir. Eyni faktı sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov da təsdiq edir. Müəllif yazır: “... Xatırladaq ki, əsərin orijinalda adı “Hekayəti Müsyö Jordan-həkimi-nəbatat və dərviş Məstəlişah- caduküni-məşhur” olmuşdur. Kitab nəşr olunarkən uzun-uzadı tərcümə yerinə qısa şəkildə əsər “Cadust” (“Djadust”- cadukün, cadu ilə məşğul olan) adlandırılmışdır. Qeyd etmək lazımdır ki, teleqraf xətası olaraq kitabın nəşr tarixi düzgün göstərilməyib”.

Naxçıvandakı teatrsevərlər tərəfindən oynanılan xeyriyyə tamaşaları o zaman burada üsuli-idarədə çalışan çar Rusiyasının müstəmləkəçi qüvvələrini qıcıqlandırırdı. Hətta onlar da rus dilində təhsil verilən məktəblərdə xeyriyyə məqsədilə tamaşalar təşkil edirdilər. O vaxtlar  nəşr edilən “Novoye obozreniye” qəzeti bununla bağlı yazırdı: “Bu ilin maslyannoy həftəsində (fevralın ikinci yarısı) Naxçıvan şəhər məktəbinin inspektoru Nikolayevin təşəbbüsü və həvəskarların iştirakı ilə xeyriyyə məqsədi üçün rus dilində tamaşalar göstərilmişdir. Bu göstərilən tamaşalar N.V.Solovyovun “İşin başlanğıcında” pyesi və fransız T. Barr və L.Tivnun “Evdə qalmaqal” vodevili idi”.

Eyni zamanda həmin məktəbdə Eynəli bəy Sultanovun “Tatarka” pyesi də oynanılıb. Bu isə onu göstərir ki, hələ 19-cu əsrin 80-90-cı illərində Naxçıvanda  teatrsevərlər tərəfindən təkcə türkcə (Azərbaycan dili) deyil, həmçinin rus dilində də tamaşalar  hazırlanırdı. Naxçıvanda rus dilində tamaşanın oynanılmasının mühüm səbəblərindən biri də o zaman çar Rusiyası məmurlarının müstəmləkələri olan Naxçıvandakı teatr və mədəni inqilabı “həzm edə bilməməsi” idi. Çar senzor idarəsi türk dilində (Azərbaycan dilində) guya yaxşı əsərlərin yoxluğunu bəhanə gətirərək hər vəchlə milli tamaşaların oynanılmasına mane olurdu. E. Sultanov isə “Tatarka” tamaşası ilə bunun əksini sübut etdi.  

1887-ci ildə yenə də ziyalılar Hacı Nəcəf Zeynalovun evində M.F.Axundovun “Molla İbrahim Xəlil kimyagər” komediyasını oynayırlar. Tamaşadan toplanan vəsait isə şəhər məktəblərinin nəfinə keçirilir.  

1899-cu ildə Naxçıvan dram həvəskarları tərəfindən M. F. Axundovun “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları tamaşaya qoyulub. Bu tamaşalar haqda M.T.Sidqi 10 aprel 1899-cu ildə Qurbanəli Şərifova yazdığı məktubunda bildirir: “Naxçıvanda M. F. Axundovun “Hacı Qara” və  “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları oynanıldı. Hər tamaşadan “Tərbiyə” məktəbinin xeyrinə 80 manat toplandı”. Bundan başqa müxtəlif illərdə 1901-1910-cu illərdə də xeyriyyə məqsədilə oynanılan tamaşalar və toplanan vəsaitin məktəblərdə oxuyan kasıb uşaqların təhsilinin davam etdirməsi üçün xərcləndiyi ilə bağlı sənədlər var. Bu isə onu göstərir ki, Naxçıvan teatrının fədailəri mədəniyyət və təhsili paralel olaraq millətin gələcəyi üçün ən vacib amil sayırdılar. Bu cür humanist addımlarla gələcəkdə savadlı, milli məfkurəli gənclərin yetişdirilməsi üçün çalışdıqlarını ortaya qoyurdular. Bu fakt həm də onu göstərir ki, çar Rusiyası Naxçıvanda məktəblər açsa da orada oxumaq üçün gələn kasıb təbəqədən olan şagirdlərin maddi vəziyyəti ilə bağlı heç bir imtiyazlar və tədbirlər görmürdü. Nəticədə teatrı yaradan ziyalılar müsəlman-türk uşaqların oxuması üçün əllərindən gələn köməyi edirdilər.

Bundan başqa Birinci Dünya müharibəsində Türkiyənin Ərzurum, Qars, Ərdahan, Sarıqamış bölgələrindən Naxçıvana xeyli sayda qaçqınlar köç etmişdi.  Bu qaçqınları himayəyə götürən Naxçıvan camaatı onlara pal-paltar, yemək verdilər. Hətta kimsəsiz uşaqları övladlığa götürənlər də tapıldı. Naxçıvanın teatr həvəskarları isə bir neçə tamaşa oynayıb hasil olan pulu onlara vermişdilər.  1914-cü ildə Naxçıvanda olan Hüseyn Cavid də teatr prosesinin canlanmasına köməklik göstərib. Hətta qaçqın və əsirlərlə bağlı şair “Məzlumlara yardım” şeirini yazıb.

1914-cü ilin ikinci yarısında şəhərdə fəaliyyət göstərən “Yardım cəmiyyəti”nin səyi ilə teatr həvəskarları Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad” operettasını oynayıblar. Tamaşa şəhər klubunda göstərilib. “Məşədi İbad”ın nümayişi qələbəliklə keçib. Klubun qapısı ağzında “Hərb fələkatzədələrinə yardım” sözləri yazılmış qutu qoyulub. Şəhər klubu Naxçıvan şəhərində indiki “Böyük bağ”da yerləşdiyi üçün həm tamaşaya gələnlər, həm də bağı gəzintiyə çıxanlar həmin qutuya pul atıblar. Toplanan bu pullar və tamaşadan əldə edilən gəlir müharibə qaçqınlarına verilib.   

1918-ci ilin noyabr ayında türk ordusu beynəlxalq siyasi hadisələrin gərginliyinə görə Naxçıvandan çıxdı. Bundan istifadə edən daşnaklar ilin sonunda yenidən Naxçıvana hücum edir. Ancaq yerli qüvvələr daşnakları darmadağın edir. Şəhərə qayıdan qalib ordunun şərəfinə  “Xeyriyyə” məktəbi nəzdindəki “İmdad” dram dərnəyinin və məktəbin müdiri Məmmədəli Həsənzadənin səyi ilə böyük bir tədbir keçirilir. Rəngarəng konsert proqramlarından, ayrı-ayrı teatr tamaşalarının parçalarından ibarət böyük proqram nümayiş olunur. Burada hətta Kazım Qarabəkir Paşanın “Türk yılmaz” adlı şeirlər toplusu əsasında eyniadlı kompozisiya göstərilir. Tədbirdə yüzlərlə tamaşaçı iştirak edir və biletlərdən yığılan pula, toplanan ianələrə çoxlu qiymətli hədiyyələr alınaraq  onlar döyüşdə rəşadət göstərmiş əsgərlərə paylanır.

Həmin illərdə tamaşalarla bərabər konsert proqramları təşkil edilir və buradan gələn gəlir xeyriyyəçilik məqsədilə xərclənirdi. 1916-cı ilə aid arxiv sənədlərində bu barədə məlumatlar yetərincədir və bununla bağlı faktlar   “Naxçıvan teatrının salnaməsi. 1883-2008” kitabında öz əksini tapıb. Sənədlərdə o da qeyd edilir ki, 14 yanvar 1916-cı ildə Cəfərqulu xan Naxçıvanski İrəvan Quberniyası Xalq məktəbləri direktoruna məktub ünvanlayıb. Məktubda   Naxçıvan şəhərində müharibədən əziyyət çəkən müsəlman uşaqları üçün İrəvan şəhərində açılan yetimxananın nəfinə təşkil edilən gecədə şəhər məktəbinin nəfəsli alətlər orkestrinin bir saatlıq çıxışına icazə verilməsi xahiş olunub.  Təbii ki,  bu  konsert tədbirlərində teatrın aktyorlarının da iştirakı təmin olunur və onlar da burada çıxışlar edirdilər. 

Bütün bu faktlar onu göstərir ki, 139 il bundan əvvəl fəaliyyətə başlayan Naxçıvan teatrı təkcə mədəni mühitin formlaşması və inkişafı üçün bir vasitə olmayıb. Bu sənət məbədi və onun fədakar insanları ümumilikdə Naxçıvanda və o zaman qonşu regionda gedən ictimai-siyasi, sosial-mədəni proseslərin hətta mərkəzində dayanıb. Çünki ilk növbədə bu bir vətənpərvər ziyalı, sənət adamı kimi hər kəsin mənəvi borcu idi. Digər tərəfdən isə bir hərəkata çevrilən teatr öz gücünü və qüdrətini geniş kütlələrə, auditoriyaya inadla və uğurla çatdıra bilirdi. Teatrın necə böyük təşkilatçılıq, humanist, milli gücə malik olduğunu bir daha ortaya qoyurdu. Sevindirici hal budur ki, bu ənənə bu gün də davam edir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı hər il repertuarında olan tamaşaları əsgərlər, hərbçilər, rayon mərkəzlərində yaşayan insanlar üçün xeyriyyə məqsədilə təşkil edir və oynayır. Nəticədə  xalqla, geniş tamaşaçı kütləsi ilə teatr arasında daha sıx əlaqə yaranır və sayı minlərə olan tamaşaçı auditoriyası əldə edilir.

Səməd Canbaxşiyev

                                                                    Naxçıvan Muxtar Respublikasının əməkdar artisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: