“Yaradıcı müəllimin ömrü” adlı hesabat sərgisi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda rəssam Gülnarə Hüseynovanın “Yaradıcı müəllimin ömrü” adlı hesabat sərgisi keçirilib.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirib ki, muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrində yaradılan şərait, müəllimlərin fəaliyyətlərinin dəstəklənməsi onların daha böyük həvəslə çalışmasına stimuldur. Belə sərgilər isə istedadlı rəssamların yaradıcılıq fəaliyyətinin işıqlandırılmasına öz töhfəsini verir.
Qeyd edilib ki, milli dəyərlərimizin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi və günümüzün real mənzərəsinin yaradılması rəssamların yaradıcılığında xüsusi yer tutur. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəsm və dekorativ-tətbiqi sənət üzrə müəllimi Gülnarə Hüseynova da əsərlərində bu motivlərə üstünlük verir.
Tədbirdə çıxış edən Uşaq Musiqi və İncəsənət Məktəbinin direktoru Elşən Xəlilov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, əməkdar rəssam Telman Abdinov və Nizami Məmmədov rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar.
Sonda Gülnarə Hüseynovanın rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə realist üslubda işlənmiş natürmort və tuş mənzərələrdən ibarət 20 rəsm, 17 toxuma əl işi sərgilənib. Sərgilənən əsərlərdə rəngkarlıq, natürmort janrlarına müraciət edən istedadlı rəssam onları yeni prizmadan görərək canlandırıb. Mənzərələrdə Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, abadlığı, təbiət gözəllikləri, natürmortlarında vətənimizin bol nemətləri təsvir edilib.
Sevgili Mustafazadə