Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, bir qrup məktəblinin Babək Rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub. Muzeyin ekspozisiyası ilə tanış olan şagirdlərə məlumat verilib ki, rayon ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri muzeyin fondunda saxlanılır. Bundan başqa müəyyən dövrlərdə hazırlanmış zərgərlik, dulusçuluq, xalçaçılıq və s. əşyalar muzeydə nümayiş olunur. Muzeyin ekspozisiya zalında nümayiş olunan müxtəlif stendlər vasitəsilə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri, görkəmli şəxsiyyətləri, qəhrəmanlıq göstərən şəhidləri barədə geniş informasiya əldə etmək mümkündür.
Ekskursiya Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və YAP Babək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Məqsəd tarixi abidələrlə yaxından tanış olmaq, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması, məktəblilərin asudə vaxtlarının daha səmərəli təşkili olub.