NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında 140-cı teatr mövsümünün açılış tədbiri keçirilib.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Teatrın direktoru, Xalq artisti Rza Xudiyev Naxçıvan teatrının tarixindən danışıb. Bildirilib ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 140-cı mövsümünə start verən Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb. Bu qədim sənət ocağı təqdim etdiyi maraqlı və müxtəlif mövzulu səhnə əsərləri ilə insanları işıqlı amallar uğrunda səfərbər edə bilib, milli dirçəliş və oyanışın carçısına çevrilib.
Vurğulanıb ki, bu ilin ötən dövrü Naxçıvan teatrı üçün daha əlamətdar olub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” statusu verilib.
Bildirilib ki, yeni yaradıcılıq mövsümündə, eyni zamanda 2023-cü ildə bu sənət ocağının 140 illik yubileyi ərəfəsində Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən əsərlərlə teatrsevərlərin qonağı olacaq. Hazırda teatrın kollektivi bu il 140 illiyini qeyd etdiyimiz görkəmli şair-dramatruq Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın son məşqlərini aparır.
Tədbirin bədii hissəsində “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub. Səhnə əsərində rolları əməkdar artistlər Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli, gənc aktyorlar Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov və digərləri ifa ediblər.
Tamaşanın rejissoru əməkdar artist Tofiq Seyidov, rəssamı əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı Natəvan Qədimova və rejissor assistenti əməkdar artist Vidadi Rəcəblidir.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xosrov İbrahimov