Naxçıvanda Beynəlxalq Memarlar Günü qeyd olunub - FOTOLAR
Beynəlxalq Memarlar Günü münasibətilə “Müasir Naxçıvan” mövzusunda sərgi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Yusif Küseyiroğlu türbəsində keçirilən tədbirdə Naxçıvan Memarlar Birliyinin üzvləri, ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəsissələrinin memarlıq dərnəklərinin üzvləri və gənc memarlar iştirak ediblər.
Naxçıvan Memarlar Birliyinin sədri Heydər Əhmədov bildirib ki, sərginin başlıca məqsədi muxtar respublika memarlarının bacarıqlarını və ideyalarını üzə çıxarmaq, müasir Naxçıvan memarlığının müstəqillik illərindəki inkişafını əl işlərinin timsalında təqdim etməkdir. Bildirilib ki, son illər aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması nəticəsində Naxçıvan şəhərinin, eyni zamanda rayon mərkəzlərinin və kəndlərimizin siması xeyli dərəcədə dəyişib. Muxtar respublikamızın ən ucqar dağ kəndində belə müasir tələblərə cavab verən bir-birindən yaraşıqlı binalar inşa olunub. Son illərdə tikilən binalar qədimliklə müasirliyi özündə cəmləşdirməklə yanaşı, memarlıq üslubuna görə də seçilir. Bu binalar yerləşdikləri ünvanlara xüsusi gözəllik verir, ətrafla harmoniya yaradır. Dünya, eləcə də tanınmış Azərbaycan memarlarının təcrübəsini mənimsəyən memarlarımız muxtar respublikanın inşaat sektoruna yeni üslublar və müasir dizayn formaları gətirməkdədirlər.
Heydər Əhmədov əlamətdar gün münasibətilə memarları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rasim Rüstəmov bildirib ki, muxtar respublikamızda memarlıq sənətinin inkişafı məqsədilə başlıca addım kimi ali və orta ixtisas təhsil müəsissələri ilə yanaşı, məktəbdənkənar təhsil müəsissələrində də memarlıq dərnəkləri yaradılıb, uşaq və gənclərin bu sahəyə olan marağının artırılması istiqamətində mühüm addımlar atılıb.
Tədbirdə çıxış edənlər Beynlxalq Memarlar Günü münasibətilə təbriklərini çatdırıb, memarlığa göstərilən dövlət qayğısından danışıblar.
Tədbirin davamında memarların layihələrindən ibarət sərgiyə baxış olub. Sərgiyə 15 memarın və 8 dərnək üzvünün ümumilikdə 5 maket və 35 layihəsi çıxarılıb.
Sərgiyə çıxarılan layihələrin müəllifi olan memarlıq dərnəklərinin üzvlərinə diplomlar verilib. Həmçinin gənc memarlara qədim və müasir Azərbaycan, elədə də Naxxçıvan memarlığından bəhs edən kitablar təqdim edilib.
Xosrov İbrahimov