İstedadlı əllərin zərafəti - FOTOLAR

A- A A+

İstedad ilahidən gələn bir qüdrətdir. İstedaddan doğan düşüncələr əl əməyi, göz nuru ilə zaman-zaman ən gözəl incilərə, sənət əsərlərinə dönür.

Hər il payızın ilk aylarında Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının qapıları sənətsevərlərin, sənətə, əl işlərinə dəyər verənlərin üzünə açılır. Burada məhdud fiziki imkanlıların və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların keçirilməsi artıq ənənə halını alıb. Ötən günlərdə istedadlı əllərin bəhrəsi olan işlərlə tanış olmaq üçün yolumu bu ünvandan saldım.

Səhər saatlarıdır. Möhtəşəm sarayın önündə qələbəlikdir. Hər kəs, hətta şəhərimizdəki qonaqlar da bir-birindən maraqlı və zövq oşayan işlərlə tanış olmağa, hədiyyəlik nələrsə almağa gəlirdi. 

Sarayın geniş foyesində sıra-sıra düzülmüş toxuculuq nümunələri, bəzək əşyaları, rəsm əsərləri, muncuqlarla hazırlanan, duzdan, taxtadan yonulan əl işləri, quramalar, tikmələr, hədiyyəlik miniatür xalça  nümunələrinin başına insanlar yığışıb. Bu çətin, bir o qədər də gözəl olan qeyri-adilikləri ərsəyə gətirənlər isə həvəslə gördükləri işlərdən danışır. Nələrsə satılanda üzlərinə məmnunluq və təbəssüm qonur.

İstedadlı qadın Xuraman Səfərovanın əl işlərinin sərgiləndiyi guşəyə  yaxınlaşıram. Sevinclə xoş gəlmisiniz deyib, sərgi-satışa çıxardığı araqçınlar, quramalar, dekorativ-bəzək əşyaları ilə tanış edir məni. Sərgi-satışa minlərlə əl işi təqdim edən Xuraman xanım muncuqlarla, dekorativ qaşlarla hər detalını incəliklə, bircə-bircə ərsəyə gətirib Dədə Qorqud tablosunu... Düz bir ay bu incə işin üzərində çalışıb, saysız-hesabsız muncuqlarla ortaya gözəl bir rəsm əsəri çıxıb. Uzaqdan baxanda rəsmin muncuqla ərsəyə gəldiyini anlamaq çətindir. Ancaq bir qədər yaxından nəzər yetirəndə Azərbaycan qadınının bacarığına, istedadına heyran qalırsan.

Bir azdan söhbəti yarımçıq saxlayıb gələn tamaşaçılara yenə işlərini tanıdır, bir neçə əl işi satır. Sonra qurama işlərindən danışır. Təxminən 5-ci sinifdə oxuyanda anasından öyrənib qurama və tikmə işini. Kiçik, rəngbərəng parçaları bir-birinə bənd edərək quramalar, məişət ehtiyacını ödəyən döşəkçələr yaradıb. Bu işlərə baxanda isə insan bir anlıq keçmişə qayıdır, özünü o dövrün xan-bəy evlərində görür.

Nənələrdən yadigar qalan tikmələr bir vaxtlar gəlin köçən qızların ən qiymətli cehizi olub. Xuraman xanımın tikmə işlərinə uzaqdan baxanda elə bilirsən ki, fırça ilə çəkilib. Ancaq əslində onlar saplarla ilmə-ilmə  işlənib, gözün nurundan, zərif barmaqlardan sığal tapıb ki, bundan sonra da evlərimizdəki yastıqları, pərdələri, masa örtülərini bəzəsin. Adi bir tullantıdan da gözoxşayan dekorativ işlər hazırlayan Xuraman xanımın  əl işlərində həm də milli ornamentlərimiz, dəyərlərimiz yaşayır. Bir suvenirdə Naxçıvan qadınları lavaş bişirir, digərində bir ağsaqqal samovar çayı içir, başqa birində Məşədi İbad yastığına söykənib. Hər biri də digərindən gözəl və maraqlı...

İstedadlı qadının davamçısı (qızı) Səriyyə Seyidova da 1000-dən çox əl işi ilə sərgi-satışda iştirak edir. Onun da zərif əlləri möcüzələr yaradır. Müxtəlif parçalardan, rəngarəng muncuqlardan, yun iplərdən hazırladığı suvenirlər, kuklalar, yumşaq oyuncaqlar, fərqli-fərqli bəzək əşyaları Səriyyə xanımın bacarıq və istedadını göstərir.

Dörd uşaq böyüdən Tutu Şahbazova həm dərziliklə məşğul olur, həm də rəngbərəng muncuqlardan bəzək əşyaları hazırlayır. Sərgiyə 400 ədəd əl işi ilə qatılan istedadlı xanım bir-birindən gözəl işlərini əsasən gecələr hazırladığını deyir. Əllərinin əməyi, gözlərinin nuru ilə ərsəyə gələn hər bir işi isə ona övladı qədər əzizdir. 

Vusalə Novruzova gipsdən hazırladığı maraqlı əl işləri ilə bu sərgi- satışda ilk dəfədir iştirak edir. Həm əl işlərini tanıdır, həm də əldə etdiyi qazancla ailəsinə dəstək olur. Elə əl işlərinin önündə peşəsi ilə bağlı məqamlardan mənə danışır. Hər cümləsində isə işinə olan sevgisi aydın hiss olunurdu. Dövlətin də onun kimi qadınlara yaratdığı imkan bu sevgini birə-beş artırıb.

Sərgidə adi kibrit çöpündən hazırlanan möhtəşəm abidələrimizin maketi, iynə və sapdan ağ parçalar üzərinə çəkilən heyrətamiz rəsmlər, Naxçıvanın məşhur daş duzundan yonulan qoç heykəllər, milli naxışlı suvenirlər diqqətimi cəlb edir. Yun corablar, əlcəklər, papaqlar, müxtəlif uşaq geyimlərindən ibarət olan rəngbərəng toxuculuq nümunələri isə sanki bir çiçək bağçasını xatırladır. İstedadlı qadınlarımız  vətənə keşik çəkən əsgərlərimizi də unutmayıb, onlar üçün də isti qış geyimləri toxuyublar. Soyuq qış günlərində əsgərlərimizə sovqat göndərmək üçün bir neçə yun corab alıram.

Daha sonra fiziki imkanı məhdud Züriyyə Musayeva ilə söhbət edirəm. İşindən o qədər həvəslə danışır ki... Fiziki qüsuru istedadını pərdə arxasında saxlamayıb. Günlərini hazırladığı toxuculuq nümunələri ilə maraqlı edib. Doğrudur, bəzən bu cür insanlar cəmiyyətdən çəkinsələr də, onların əzmi, iradəsi, gördükləri işlər barələrində çox şey deyir. Elə bu sərgi-satışda nümayiş olunan əl işləri də Züriyyə xanım haqqında hər şeyi deyirdi... Onun həyata bağlılığından, sağlam düşüncəsindən, çalışqanlığından, sevgi dolu ürəyindən, bacarıqlı əllərindən, incə duyğularından danışırdı. Toxuduqlarını, dekorativ işlərini, əllərinin halal zəhməti, gözlərinin nuru hesabına və dövlətin onun kimi fiziki imkanları məhdud şəxslərə göstərdiyi qayğıdan, yaradılan şəraitdən ruhlanaraq yaradıb.

Sərgini dolaşdıqca zövq oxşayan milli naxışlı miniatür xalçalarla da rastlaşdım. Hərəsi bir aləm olan bu xalçalarda duyğular ilmə-ilmə çiçəklənib, naxışlarda tariximiz, mədəniyyətimiz var olub. Nəhayətində ortaya möhtəşəm işlər çıxıb. Kim bilir, hansı evin bəzəyi olacaq bu kiçicik xalçalar. Kimlərə danışacaq Azərbaycan qadınının istedadından...

Ən gözəli o idi ki, bu sərgi-satışda möhtəşəm qələbəmizə, Şuşa ilinə, Şuşanın rəmzi olan xarıbülbülə, Qarabağın tarixi şəxsiyyətlərinə həsr olunmuş sənət əsərləri də az deyildi. Vətənimizə məhəbbəti, dəyərlərimizə bağlılığı yaşadan gözəlliklərin əhatəsində özümü sirli-sehirli bir aləmdəymiş kimi hiss etdim. Üstəlik sərgi-satışın Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi günlərə təsadüf etməsi daha xoş oldu. Dünyanın hər bucağından Naxçıvana gələn qonaqların da bura gələrək milli dəyərlərimizlə, Azərbaycan qadınının istedadı ilə daha yaxından tanış olması, özləri ilə hədiyyəlik nələrsə alıb yaşadıqları diyarlara aparması milli dəyərlərimizin uzaq, yaxın ellərdə də təbliğinə, yaşamasına vəsilə oldu.

                                                                                Türkanə Əmoyeva

                                                                                      “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: