İllər əvvəl biri qələmi əlinə aldı və kağıza tökülən mürəkkəb belə bir iz buraxdı boş vərəqdə:
“Mənim Tanrım gözəllikdir, sevgidir”.
İllər keçdi, bu fikir kiminin dilində, kiminin də həyatında bir şüara çevrildi.
Əbəs yerə deməyiblər ki, yaradıcı insanların ömrünü biraz da onun imzası olan işlər müəyyən edir. Sözün bu yerində, ədəbiyyatımızda bu məzmunda, bu fikri təsdiqləyən bir nümunə də vardı:
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala ...
Bu deyilənlərin həqiqətini anlamağın da öz zamanı var. Nə qədər ki, insan sağdır, yazır, yaradır, bir sözlə, memarı olduqlarının idarəçiliyi də öz əlindədir, aldığı nəfəs belə müsbət istiqamətli nələrəsə yol aça bilər. Lakin əsl iş o nəfəs kəsiləndən sonra geridə qoyduqlarından həmin nəfəsi ala bilməkdir. Sizcə, hər kəs bacara bilirmi bunu? Hər kəs geridə buraxdıqları ilə “mən hələ də varam”, “mən burdayam” deyə bilirmi? Bax işin düyününün açıldığı məqam da tam olaraq buradır: yalnız bunu bacaranlar ölümsüz olur...
24 oktyabr- sıradan bir payız günü... Onsuzda günlərin hamısı sıradan deyilmi? Xüsusi olan hər günün ardında mütləq ki, bir müdrik imzası, bir qəhrəman qanı və s. vardır. Hüseyn Cavid kimi...
Gərək Vətənin, ədəbiyyatın, mədəniyyətin üçün o qədər gərəkli, üstün xidmətli biri olasan ki, təqvimin sıradan bir gününü əlamətdar edə biləsən. Həqiqətən də, mənbələrdə dramaturq, şair kimi adı həkk olunan Hüseyn Cavidin Vətən üçün missiyası sadəcə bununla bitmirdi. O qələmi ilə yeri gəlsə, savaşır, yeri gəlsə, kimlərəsə qarşı mübarizə aparır, yeri də gəlsə, müəyyən bir kütlə üçün yardım əlini uzadırdı. Əslində, yaradıcı insanlar həssas, emosional olur. Bu, hardasa belə insanlara xas olan xüsusiyyətlərdən biri, bəlkə də birincisiydi. Çoxlarının şüar kimi qəbul etdiyi bu həqiqət yaza bilmək, yarada bilmək, yüzlərlə, minlərlə insanın hisslərinə tərcüman olmaq, gözünü, ruhunu, qəlbini oxşayan nələrsə yarada bilmək üçün önəmli bir nüans idi. Lakin Cavidin fərqli yaradıcılıq nümunələrini oxuduqca, dinlədikcə, hətta, izlədikcə, bir də baxırsan ki, sən demə onun qələminin mürəkkəbi daha nələrə-nələrə xidmət edib, ədəbiyyatda humanist, sülhpərvər ideyaları əks etdirən bir cığır açıb.
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Ona görə əsl xilaskar yer üzündə sülhü bərqərar edən, dövrün müsibətlərini aradan qaldıra bilən kəs idi. Əfsuslar olsun ki, yaşadığı dövrün ictimai-siyasi reallıqları çərçivəsində müxtəlif zorakılıqlara məruz qalan Cavid, nəticəsi nə olursa olsun, öz qələminin mürəkkəbini haqsız düşüncələri, yersiz tərifləri kağıza tökmək üçün sərf etməmişdir. Hətta bu qətiyyətli addımı, eləcə də öz ətrafında milliyətçi düşüncələrə köklənmiş cavan şairləri toplamaq kimi vətənpərvər fəaliyyəti kimlərinsə sərt qəzəbinə belə tuş gəlmişdi.
Hələ illər əvvəl ədib vurğulayırdı ki, bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. Ədəbiyyatımıza “Elm hər dildə birdir” deyə bir ərməğan da buraxan məhz həmin ustad idi...
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli...
Bax belə idi onun yaradıcılığı. Yazıb-yaratdığı əsərlər, misralar, kağıza tökdüyü fikirlər bir çox insanın dilinə yatqınlığı, eyni zamanda fikrinə, düşüncəsinə hakimliyi ilə fərqlənirdi. Mütləq ki, onun qələminin mürəkkəbindən tökülən bir çox nümunəsini kimlərsə sırf özünə aid edərək artıq dilində şüara çevirib. Elə bir şüar ki, necə deyərlər, insanın hər zaman görə biləcəyi, gözünün sataşdığı hər yerə yazmaq, həkk etmək istəyəcək qədər xüsusi, eləcə də qəlbəyaxın. Memarı olduğun unudulmaz əsərlərinin səni yaşatdığı bir ili daha geridə qoydun, Hüseyn Cavid. Ölümlü dünyada ölümsüzlüyü qazanan biri olaraq, nə xoş halına...
Fatma Babayeva