İtalyan rəssamı Tiziano Vecellionun “Venera və Adonis” adlı kətan üzərindəki rəsm əsəri dekabrın 7-də Londonda “Sotheby's” hərrac evində hərraca çıxarılacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, lot ilkin olaraq 12 milyon funtsterlinq dəyərində qiymətləndirilib.
Rəsm əsəri ustadın qədim Roma şairi Ovidinin “Metamorfozalar” poemasının qəhrəmanları Venera və Adonisin faciəvi hekayəsini əks etdirən yeddi əsərdən ibarət silsiləsinin bir hissəsidir. “Sotheby's” hərrac evinin qərarına görə, əsər rəssamın indiki dövrdə satılacaq ən qiymətli rəsmidir.
Qeyd edək ki, rəssamın sonradan yaratdığı rəsmlərin bir neçə variantı London Milli Qalereyasında, Los-Ancelesdəki “Getti” Muzeyində, Madriddəki “Prado” Muzeyində, Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində, Oksforddakı “Eşmol” Muzeyində, Vaşinqton Milli İncəsənət Qalereyasında və Romadakı Milli Qədim İncəsənət Qalereyasında saxlanılır.