İngilis səyahət bloqerinin Naxçıvan barədə təəssüratları - FOTOLAR
İngilis səyahət bloqeri, eyni zamanda “traveltheworldclub.com” səyahət bloqunun təsisçisi Barry Till Naxçıvan Turizm İnformasiya Mərkəzinə müraciət edərək Naxçıvan Muxtar Respublikasını gəzmək istədiyini bildirmişdir. Səyahət bloqerinə mərkəzin əməkdaşları tərəfindən ətraflı məlumat verilmiş, Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən bukletlər təqdim edilmiş və tur bələdçisi tapmaqda köməklik göstərilmişdir. Üçgünlük səfərdən sonra Barry Till Naxçıvan barədə təəssüratlarını Naxçıvan Turizm İnformasiya Mərkəzinin əməkdaşı ilə bölüşmüşdür.
NUHÇIXAN İnformasiya Agentliyi həmin fikirləri təqdim edir:
“Mənim adım Barry Tilldir. İngiltərənin London şəhərindənəm və dünyanı səyahət edirəm. Təqaüdçüyəm, işləmirəm və səyahət etməyimə heç bir maneə yoxdur. Pandemiyadan əvvəlki 3 il ərzində mən artıq 75 ölkəyə səyahət etmişəm. Daha sonra isə pandemiya başladı və 2 ilə yaxın səyahət edə bilmədim. Pandemiyadan sonra isə səyahət etdiyim ilk ölkə Azərbaycan oldu.
“Traveltheworldclub.com” səyahət bloqum var. Burada getdiyim ölkələrin hər biri haqqında məlumatlar, orada ediləcəklərin siyahısı, görməli yerlər, qiymətlər, necə gedilə biləcəyi haqqında bütün izahlar göstərilir, həmçinin həmin bölgənin fotoları yerləşdirilir. Beləcə istənilən bir şəxs gedəcəyi ölkəni seçdikdən sonra mənim bloqumdan istifadə edərək, lazımlı bütün məlumatları əldə edə bilər.
Naxçıvan bir o qədər də çox insanın bilmədiyi unikal bir məkandır. Səyahət etdiyim bir çox ölkələrdə kirli, səs-küylü şəhərlər görmüşəm. Əvvəlcə mən Bakıda oldum, əlbəttə Bakı maraqlı şəhər idi. Lakin Naxçıvan isə tamamilə fərqlidir. Bu şəhər çox təmiz, səliqəli, gözəl binaları müasir olmaqla yanaşı, klassik tərzi özündə təcəssüm etdirən kiçik bir şəhərdir. Tur bələdçisi ilə muxtar respublikanı gəzib görmək imkanı əldə etdim. Gördüyüm gözəlliklər qarşısında doğrudan da heyran qaldım. Restoran və mağazalarda qiymətlər bir ingilis üçün çox münasibdir. Şəhərdə sıxlığın az olması, şəhərin təmizliyi və təhlükəsiz olması mənim xüsusilə diqqətimi cəlb etdi.
Gördüyüm yerlərin arasında ən möhtəşəm yer isə Əlincəqala idi və o, Naxçıvanın Machu Picchusudur. Peruda yerləşən Machu Picchu ilə çox oxşarlıq təşkil edir və bu yer məni çox valeh etdi. Naxçıvanda səyahət etdiyim yerlərin arasında digər möhtəşəm bir yer isə, Nuh Peyğəmbərin məzarı oldu. Nuh Peyğəmbərin məzarının Naxçıvanda yerləşməsi məni heyrətləndirən hallardan biri idi. Çünki Nuh Peyğəmbər bütün dünyada tanınır və Nuh Peyğəmbərin məzarının burada yerləşməsi buranın daha qədim olduğundan xəbər verir. Buranın insanları səmimi, istiqanlı və mehribandır”.