Prezident Kitabxanasının Zəfər Gününə həsr edilmiş elektron nəşri istifadəyə verilib

A- A A+

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “8 Noyabr - Zəfər Günü. Qarabağ Azərbaycandır!” adlı elektron nəşr istifadəçilərin ixtiyarına verilib.

Prezident Kitabxanasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanan elektron nəşr 9 bölmədən ibarətdir.

“Şanlı qələbə” adlanan birinci bölmədə qeyd edilir ki, 30 ilə yaxın müddətdə ərazimizin 20 faizini işğal edən Ermənistan xalqımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirib. Lakin Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün ciddi hazırlıqlar gördü. 1993-cü ildən bəri icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqı bir yumruq kimi birləşdirməsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildi. 100 ildən artıq müddətdə özlərini “qalib” və “məğlubedilməz” sayan ermənilər Azərbaycan əsgəri tərəfindən diz çökdürüldü. Bununla tariximizin yeni mərhələsi başlandı. 44 günlük Vətən müharibəsində qələbəmiz 3 minə yaxın Azərbaycan əsgər və zabitinin şəhidliyi bahasına başa gəldi. Noyabrın 8-i, Şuşa şəhərinin erməni quldurlarından təmizləndiyi gün Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Hazırda Azərbaycan son 200 illik tarixinin ən şərəfli günlərini yaşayır. Bu günlərə Prezident, xalq və ordunun birliyi sayəsində nail olmuşuq.

Elektron nəşrin “44 günlük Zəfər Salnaməsi” adlanan ikinci bölməsində 2020-ci il sentyabrın 27-dən başlayaraq 2021-ci il aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışı da daxil olmaqla, Azərbaycanın şanlı qələbəsini və diplomatik mübarizəsini xroniki ardıcıllıqla özündə əks etdirən rəsmi materiallar və digər əlaqəli mətnlər öz əksini tapır.

“Vətən müharibəsi şəhidləri” adlanan üçüncü bölmədə İkinci Qarabağ müharibəsində şəhid olmuş 2908 nəfər hərbi qulluqçuların, müharibə zamanı itkin düşmüş 6 nəfər hərbi qulluqçuların, həmçinin 2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı şəhid olan 80 nəfər hərbi qulluqçularının siyahısı ayrı-ayrı alt başlıqlar şəklində təqdim edilir.

“İşğaldan azad edilmiş ərazilər” adlanan bölmənin materialları həm “Rayonlar” üzrə, həm də “Xronologiya” üzrə əks etdirilir.

“Müsahibələr, çıxışlar, müraciətlər” bölməsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə müraciətlərinin, çıxışlarının və müsahibələrinin mətnləri öz əksini tapır.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının mülki əhalisini bombalaması nəticəsində yaralanan 404 nəfərin və 93 şəhidin siyahısı ayrı-ayrı rayonlar və şəhərlər üzrə “Mülki əhaliyə qarşı terror” bölməsində təqdim edilir.

“Təltiflər” bölməsinin “Ordenlər və medallar” alt bölməsində Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunlarının mətnləri toplanılıb. “Təltif olunanlar” alt bölməsində isə Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilmələri haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının tam mətnləri istifadəçilərə təqdim edilir.

“Elektron resurslar” bölməsində Vətən müharibəsinə həsr edilən 60 adda kitabın elektron versiyası və 500-ə yaxın seçmə məqalənin tam mətnləri öz əksini tapır.

Elektron nəşrin “Biblioqrafiya” bölməsində Vətən müharibəsi mövzusuna aid Prezident Kitabxanasının fondunda saxlanılan 120 adda kitabın və 11 minə yaxın məqalənin biblioqrafik təsviri verilir.

Eyni zamanda kitabxanada “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı kitab sərgisi və “Şuşa – 270 il” adlı foto-sərgi oxuculara təqdim edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: