Naxçıvanda “Köhnə çamadanlar” bədii filminin premyerası keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Vətən müharibəsinə həsr olunmuş “Köhnə çamadanlar” tammetrajlı bədii filminin premyerası keçirilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilən filmin premyerasında rejissor və aktyor heyəti də iştirak edib.

İzləyicilər tərəfindən maraqla qarşılanan “Köhnə çamadanlar” bədii filmində Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Tarixi qələbəmizdən bəhs edən filmdə müharibənin insan talelərində buraxdığı izlər, savaşdan çıxmış insanların həyat mübarizəsi ön plandadır. “Köhnə çamadanlar” bədii filmi müharibə iştirakçılarının bu günə qədər danışmadığı hekayələr əsasında lentə alınıb.

Ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı Əfşan Əsədova, baş prodüseri Pərvinə İsmayılova olan filmdə rolları xalq artistləri Məmməd Səfa Qasımov, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və başqa istedadlı aktyor heyəti ifa edib.

Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - qazilər, həmçinin sağlamlıq imkanları məhdud olan həvəskar aktyorlar da rol alırlar. Film Vətən müharibəsində Ordumuzun qələbəsi ilə yekunlaşır.

Sevgili Mustafazadə

Ramilə Kazımova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: