Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Naxçıvanda ustad dərsləri keçiblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecində 4 günlük ustad dərsləri keçən Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri ilə görüş keçirilib.
Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri - Xalq artisti Cəmilə Bayramova və Əməkdar artist Elçin Allahverdiyevlə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, kollecdə xoreoqrafiya sahəsi üzrə kadr hazırlığına və peşəkar təcrübəyə ehtiyac duyulur. Bu məqsədlə bu sahədə peşəkar mütəxəssislərə müraciət edilir.
Rektor bildirib ki, Azərbaycan milli rəqslərinin qorunması və peşəkar şəkildə öyrədilməsi, eləcə də təbliğ edilməsi zərurətindən irəli gələrək qarşıda duran əsas vəzifələrdən biri Naxçıvan Dövlət Universitetində bakalavr və magistratura səviyyələrində “Xoreoqrafiya” ixtisasının tədrisini formalaşdırmaq, fənn proqramları və dərs vəsaitlərinin tərtib olunmasına şərait yaratmaqdır.
Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri, Xalq artisti Cəmilə Bayramova və Əməkdar artist Elçin Allahverdiyev ictimaiyyət arasında xoreoqrafiyanın bütün sahələrinə marağın günü-gündən artdığını deyiblər. Bildirilib ki, bu sahənin nümayəndələri Azərbaycan mədəniyyətinin həm təmsilçisi, həm də qoruyucusu hesab olunurlar. Bu səbəbdən xoreoqrafiya sənətinin inkişafında xidmət etmək mədəniyyət işçilərinin üzərinə qoyulan böyük məsuliyyətdir.
Bildirilib ki, belə mütəmadi dərslər sayəsində tələbələr rəqs nömrələri, xoreoqrafik tamaşalar hazırlamağı öyrənə, incəsənət məktəblərində dərs keçmək bacarıqlarına yiyələnə bilərlər. Bunun üçün daim Naxçıvan Musiqi Kolleci ilə əməkdaşlığa hazır olduqlarını bildirən qonaqlar Naxçıvanda bir sıra gəzməli-görməli yerləri ziyarət etdiklərini bildirib və burada olmaqdan böyük məmnunluq duyduqlarını diqqətə çatdırıblar.
Görüşün sonunda qonaqlara təşəkkürnamə, rəsm əsəri və Naxçıvan məhsullarından ibarət hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri tərəfindən Naxçıvan Dövlət Universiteti Musiqi Kollecində keçirilən dörd günlük ustad dərsləri zamanı tələbələrə xoreoqrafiya sənətinin müxtəlif növləri, o cümlədən Azərbaycan xalq rəqsləri, bal rəqsləri, müasir və klassik rəqslərin incəlikləri öyrədilib. Milli üslubda əl və ayaq hərəkətləri üzərində intensiv məşqlər aparılıb.
Adilə Səfərova