Azərbaycanlı rejissorun filmi “Oskar” mükafatına namizədlərin siyahısına daxil edilib

A- A A+

Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnamə” kinostudiyasında lentə alınan Azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” filmi beynəlxalq festivallarda zəfər yürüşünü davam etdirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Yaradanlar” (CREATORS) filmi 95-ci Amerika İncəsənət və Elmlər Akademiyasının “Oskar” mükafatına namizədlərin uzun siyahısına daxil edilib. Bu, “Oskar” Akademiya mükafatlarının əsas tarixlərinin elanından sonra məlum olub.

Beləliklə, www/international-feature.com saytı bildirir ki, mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək. Mərasim ABŞ-ın ABC kanalında canlı yayımlanacaq. Namizədlər gələn il yanvarın 24-də elan olunacaq. 95-ci Akademiya mükafatlarının qısa siyahısı isə bu il dekabrın 21-də elan ediləcək.

Sevindirici haldır ki, beynəlxalq filmlərin uzun siyahısında həmyerlimiz, tanınmış azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” filmi də yer alıb. Sənədli filmin müddəti bir saat bir dəqiqədir. Film XX əsrin dahi Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist-bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir. Ekran əsərində vurğulanır ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyub, onlara qayğı göstərib.

Məlumatda qeyd olunur ki, “Oskar” Akademiyasının mükafatlarına namizədlərin səsverməsi 2023-cü il yanvarın 12-də başlayır və yanvarın 17-də başa çatır. Yekun səsvermə 2023-cü il martın 2-də başlayır və martın 7-də başa çatır.

Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

Xatırladaq ki, bu, üçü bədii, yeddisi sənədli film olmaqla 10 filmin müəllifi Şamil Əliyevin “Oskar” nominasiyası üzrə uzun siyahıya daxil olan ikinci filmidir. 2012-ci ildə lentə alınan ilk filmi - son illərin ən titullu filmi olan "Steppe man" ("Çölçü") rejissor Şamil Əliyevə dünya şöhrəti gətirdi. “Çölçü” filmi 2014-cü ildə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatının ilkin siyahısına daxil edilib və artıq onlarla beynəlxalq festivalda iştirak edib, demək olar ki, bütün kateqoriyalar üzrə 100-dən çox mükafat alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: