ABŞ-ın “Warner Bros.” kinostudiyası lisenziya müqavilələrinin hələ bir il yarım müddətində qüvvədə olmasına baxmayaraq, öz filmlərinin Rusiyanın “Milli Media Qrupu” holdinqinin kanallarında yayımını qadağan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bundan sonra kinostudiyanın filmləri Rusiyanın “Milli Media Qrupu” holdinqinə daxil olan “Pervıy kanal”, STS, REN TV, “Domashnı”, “Pyatıy kanal” televiziyalarının efirlərində yayımlanmayacaq. Holdinq “STS Media”, “VİP Comedy”, “TV1000 Action”, “Da Vinci” və digər telekanalların daxil olduğu kabel televiziyasına da xidmət göstərir.
2016-cı ilin dekabrında holdinqin prezidenti Kirill Kovalçuk ABŞ-ın sanksiyalarına məruz qalıb. Həmçinin 2014 və 2022-ci illərdə “Milli Media Qrupu”nun səhmdarlarından biri olan “Rossiya Bank”a qarşı sanksiyalar tətbiq edilib.
“Warner Bros.”, eləcə də “Disney”, “Sony”, “Paramount” və “Universal Pictures” kinostudiyaları Ukraynaya qarşı müharibəyə başlayan Rusiyada bütün layihələrini dayandırıb. Həmin kinostudiyaların filmləri Rusiya bazarının demək olar ki, 80 faizini təşkil edirdi.