Məşhur “Forsaj-10” filminin astronomik büdcəsi olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi kinonews.ru saytına istinadla xəbər verir ki, filmin istehsal büdcəsi 340 milyon dollara çatıb. Bunu layihəni maliyyələşdirən və onun yayılmasına cavabdeh olan “Universal” studiyasındakı mənbələr açıqlayıb.
Bu, 2021-ci ildə təqdim olunan “Forsaj-9” filminin 200 milyon dollarlıq büdcəsindən 70 faiz çoxdur. Büdcə dəyərində bu qədər böyük artım bir sıra səbəblərlə, o cümlədən ekran əsərində çəkilən ulduzların qonorarlarının kəskin artması və ya qlobal inflyasiya nəticəsində istehsal xərclərinin ümumi artımı, həmçinin pandemiya dövründə tibbi təhlükəsizlik protokollarının tələbləri ilə bağlı ola bilər.
Xatırladaq ki, indiyədək ən bahalı filmlər siyahısında ilk pillədə “Karib dənizinin quldurları 4: Qəribə sahillərdə” (379 milyon dollar), ikinci yerdə “Marvel Studios” istehsalı olan “Qisasçılar 2: Altron dövrü” (365 milyon dollar), üçüncü pillədə “Qisasçılar 4: Final" (356 milyon dollar) yer alır. Beləliklə, "Forsaj 10" filmi isə bu reytinqdə hələ ki, dördüncü yeri tutur, lakin yaxın gələcəkdə ekran əsərinin liderlər üçlüyünə daxil ola biləcəyi gözlənilir.