Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının birinci hissəsi olan “Şərəfnamə” Daşkənddəki “Zamin Nashr” nəşriyyatında özbək dilində çap edilib.
NUHÇIXAN xəbər verir ki, bundan əvvəl isə “İqbalnamə” ayrıca kitab halında çap olunmuşdu.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə çap olunan əsəri özbək dilinə Özbəkistanın Xalq şairi Camal Kamal tərcümə edib.
Kitabın layihə rəhbəri AMM-nin direktoru Samir Abbasov, məsul redaktor və “Ön söz”ünün müəllifi, professor Nurboy Jabborov, redaktoru dosent Gülbahar Aşurova, tərtibçisi filologiya elmləri namizədi Kərimulla Məmmmədzadədir.
Artıq Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” və “İsgəndərnamə” özbək dilində çap olunub. Camal Kamal böyük şairin “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərlərini də özbək dilinə tərcümə edib və çapını gözləyir.
Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilib və bu iş gələcəkdə də davam etdiriləcək.
Xatırladırıq ki, Nizami irsinin Özbəkistanda tanıdılması və geniş təbliği məqsədilə 2015-ci ildən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Camal Kamal arasında Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcümə olunması ilə bağlı müqavilə imzalanıb və bu layihəyə start verilib.