Avropa Yayım Birliyi (AYB) “Eurovision 2023” üçün səsvermə qaydalarını dəyişib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.
“2022-ci il müsabiqəsində aşkar edilmiş səsvermə pozuntularına görə, səsvermənin şəffaflığının qorunması yollarını nəzərdən keçirmək üçün AYB üzvlərindən ibarət işçi qrup yaradılıb”, - deyə müsabiqənin təşkilatçıları bildirib. “İndi hansı ölkələrin finala yüksələcəyini yalnız müsabiqənin tamaşaçıları müəyyənləşdirəcək. Onların səsləri ölkənin səslərinə bərabər olacaq. “Eurovision” müsabiqəsinin münsiflər heyətinə yalnız müsabiqənin final mərhələsində seçim haqqı veriləcək”.
Qurumun rəsmi saytında qeyd olunub ki, “Dünyanın harasında yaşamasından asılı olmayaraq müsabiqəyə baxan hər kəs sevdiyi mahnılara səs verə biləcək”.
Qeyd edək ki, “Eurovision 2023” Liverpulda keçiriləcək.