“Şuşa, sən azadsan” rəsm sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan rəssamları “Şuşa, sən azadsan” başlıqlı sərgi təşkil ediblər.
Sərginin açılış tədbirində əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi olduqca qürurvericidir. 28 il işğal altında olan, hər daşı, qayası ilə tariximizi, milli kimliyimizi, mənliyimizi qoruyub yaşadan Şuşa azadlığının 3-cü ilini yaşayır.
Ülviyyə Həmzəyeva “Şuşa, sən azadsan” sərgisini Naxçıvan rəssamların “Şuşa ili”nə mühüm töhfəsi kimi yüksək qiymətləndirib.
Əməkdar rəssamlardan Cavid İsmayılov, Həbibə Allahverdiyeva, Həmzə Sadiqov və digər çıxış edənlər sərgi haqqında fikirlərini bildirib, tədbirin əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, sərgidə 36 rəssamın fərqli janr və üslublarda ərsəyə gətirdikləri 44 rəsm və dekorativ tətbiqi sənət əsəri nümayiş olunur. Müxtəlif mövzulara həsr edilən əsərlər sırasında “Qarabağ şikəstəsi”, “Qarabağ Azərbaycandır”, “Zəfər bizimlədir: Bir millət, iki dövlət” rəsm əsərləri və Şuşaya həsr olunan digər maket və fiqurlar əzəli torpaqlarımızın gözəlliklərini və böyük zəfərimizi tərənnüm edən maraqlı yaradıcılıq nümunələri kimi diqqəti cəlb edir.
Zəngin rəng koloriti və müxtəlif kompozisiyalarla maraq doğuran sərgi 29 noyabra qədər sənətsevərlərin ixtiyarında olacaq.
Adilə Səfərova