"Naxçıvan rəssamlarının ensiklopediyası" təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan rəssamlarının ensiklopediyası”nın təqdimatı olub.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, muxtar respublikada rəssamların yaradıcılıq imkanlarının yaxşılaşdırılması diqqətdə saxlanılıb, hər cür şəraiti olan emalatxanalar rəssamların istifadəsinə verilib, rəssamların fərdi sərgiləri təşkil edilib, albom-kataloqları nəşr olunub, fəxri adlara layiq görülüblər.

Qeyd edilib ki, bu gün "Naxçıvan rəssamlarının ensiklopediyası"nın təqdimatının keçirilməsi də bu tədbirlərin davamıdır. Ensiklopediya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 mart tarixli “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən hazırlanıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada sənət adamlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, ensiklopediyanın incəsənət sahəsində tanınan rəssamların yaradıcılığının dərindən öyrənilməsində əsas mənbə olduğunu vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunan “Naxçıvan rəssamlarının ensiklopediyası”nda 123 rəssam haqqında məqalə dərc olunub və onlara aid olan 600 əsərin sürəti yerləşdirilib. 157 səhifəlik ensiklopediyada fərqli yaradıcılıq üslubuna malik olan rəssamlar haqqında ətraflı məlumatlar əksini tapıb.

Əməkdar rəssam Telman Abdinov və Rəssamlar Birliyinin üzvü Şəmsiyyə Zalova yaradılan şərait və rəssamlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Tədbirdə bir qrup rəssama "Naxçıvan rəssamlarının ensiklopediyası" kitabı təqdim olunub və iştirakçılar naxçıvanlı rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.

                                                                 Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: