Şəbəkə sənəti nümunələri bu gün də yaşadılır     

A- A A+

Qədin və həmişəcavan Ordubad tarixi abidələri ilə məşhurdur. Bir çox abidələrimizi daha da əsrarəngiz, ecazkar edən amillərdən biri də onların əksəriyyətində şəbəkə sənəti nümunələrinə geniş yer verilməsidir.

Şəbəkə sözü tor və ya barmaqlıq mənasını verir. Ayrı- ayrı taxta parçaları yapışqan və mismar olmadan quraşdırılır. Şəbəkənin hazırlanmasında, əsasən, fısdıq ağacından istifadə edilir ki, bu da onun elastikliyi ilə əlaqədardır. Şəbəkənin uzunömürlü olması üçün taxtalar bişirilir və qurudulur, daha sonra isə onlar incəliklə kəsilərək müəyyən formalara salınır. Həmin parçalar müəyyən həndəsi fiqurlar formasında yığılaraq əlvan rəngli şüşələrlə bəzədilir. “cəfəri”, “səkkiz”, “onaltı”, “gülabi”, “şəmsi”, “göllü” və “bəndi-rumu” şəbəkənin ənənəvi kompozisiyalarıdır. Şəbəkənin təsvir dili xalçanın həndəsi ornamentlərinə yaxındır. Şəbəkə ənənəsindən söhbət açıldığında  Ordubad şəhərindəki “Came”, “Sərşəhər”, “Təkeşiyi” məscidlərini, “Qeysəriyyə” binasını, eləcə də bir sıra yaşayış evlərini xatırlamamaq mümkün deyil. Son illərdə bərpa edilən abidələrin qapı və pəncərələrində də şəbəkə sənəti nümunələrindən geniş istifadə edilir.

Hazırda da bu sənəti qoruyub yaşadanlar, yeniliklər gətirənlərdən söhbət düşəndə Cabir Cabbarovun adı birincilər sırasında çəkilir. Ordubad şəhərində yaşayan, bu sənətin incəliklərinə dərindən bələd olan Cabir Cabbarov deyir ki, şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən monumental xarakter daşıyır. Şəbəkə eyni zamanda dekorativ tətbiqi- sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrdən biridir. Adətən, şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verirlər. Hazırda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur.

Müsahibim bildirir ki, şəbəkə üçün ağacı buxarda bişiririk, şirəsi axır, sonra əlif yağında saxlayırıq. Taxta boşluqları əlif yağı ilə doldurulur. Çox güman ki, o vaxt abidələrimizdəki qapı-pəncərələri də həmin üsulla işləyiblər. Əsas çətinlik şəbəkənin şüşələrindədir. Şəbəkə işinin qiyməti eskizin ölçüsündən asılıdır. Elə şəbəkə var ki, bir kvadratmetrinə 1000, eləsi də var ki, 15000 ədəd hissə gedir. Bir kvadratmetrinə min hissə gedən şəbəkənin ərsəyə gəlməsi bir ay vaxt aparır, on beş min hissə gedəni isə bir il.

Bu işin davamçılarına gəldikdə isə Cabir Cabbarov deyir ki, gənclər bu işə maraq göstərir, ancaq sözün həqiqi mənasında, öyrənmək istəyənlər, qavrayanlar azdır. Yəni bu sənəti öyrənmək üçünən azı Şərq memarlıq elementlərindən, həndəsədən, riyaziyyatdan, rəssamlıqdan xəbərdar olmalısan. Ustanın yanında elə-belə vaxt keçirən şagird heç vaxt bu sənətə dərindən yiyələnə bilməz. Bir də bu işdə səbir ən ümdə məsələdir. Çünki şəbəkənin hər detalının hazırlanması üçün ən azı 10-12 əməliyyat həyata keçirilir. Bəzi adamların buna səbiri çatmır. Səbirsiz adamlar da bu sənətdə duruş gətirə bilməz. Peşəkar kimi yetişmək üçün uzun illər lazım olur.

Şəbəkə sənəti milli dəyərimizdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Rüspublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama uyğun olaraq, rayonumuzda da xalq yaradıcılığının yaşadılması ilə bərabər, milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində dekorativ-tətbiqi sənət növləri, eləcə də şəbəkə sənəti də yaşadılır, gələcək nəsillərə ötürülür. Əminliklə demək olar ki, göy qurşağı kimi al-əlvan rənglərlə bəzədilən şəbəkə üsulu ilə yaradılmış qapı və pəncərələr günümüzdə olduğu kimi, gələcəkdə də evləri və binaları bəzəyəcək, doğma diyarımızın memarlıq mənzərəsinə gözəllik və orijinallıq bəxş edəcək.

 

Yunis HÜSEYNOV

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: