Naxçıvanın qədimliyini sübut edən, bəşər tarixinin müxtəlif dövrlərinə aid olan bir çox maddi-mədəniyyət nümunələri vardır ki, onlar nəsilbənəsil qorunub-saxlanılaraq bugünümüzə qədər gəlib çatıb. Bizə gəlib çatan bu cür dəyərli maddi-mədəniyyət nümunələri arasında daş kitabələr daha çox üstünlük təşkil edir. Qədim dövrlərdən başlayaraq insanlar öz dini görüşlərini, inanclarını, ətrafda gördükləri hadisələri nəinki kağız, gil lövhə, dəri , həmçinin daşların üzərində də həkk ediblər.
Daş üzərində işlənmiş nümunələrə daha çox məzar daşlarında rast gəlirik. Bunlar özünəməxsus şəkildə yonulan baş daşları, sənduqələr, at, qoç fiqurlu heykəlləri və başqalarıdır. Qədimdə məzar daşları əsasən dəfn olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilirdi. Bu məzar daşları üzərində böyük məharətlə oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına, hətta əsl mənada süjet xarakteri daşıyan müxtəlif kompozisiyalara rast gəlirik.
Məzar daşları dəfn olunmuş şəxsin həyat tərzi, peşəsi haqqında ümumi məlumat verirdi. Məsələn gəncliyi, şücaəti əks etdirən məzar daşları üzərində qılınc, qalxan, qartal, qoca adamın və ya ruhaninin məzar daşı üzərində ay, ulduz, təsbeh, möhür; qadınlara məxsus məzar daşlarının üzərində iynə, sap, güzgü və bu kimi rəsmlər işlənirdi. Məzar daşları üzərində simvolik mahiyyət daşıyan təsvirlərə də rast gəlmək mümkündür.
VII əsrdən başlayaraq Azərbaycanda İslam dininin yayılması bir çox sahələrə olduğu kimi, xalqın dəfn adətlərinə də təsir göstərib. Bunlardan islamın işarəsi olan ay, ulduz, günəşi bildirən zolaqlı dairə və bu kimi naxışları göstərmək olar. Daşlar üzərindəki süjet xarakterli kompozisiyaların əksəriyyətini dəfn olunan şəxsin şücaətini göstərən mövzular təşkil edir. Bu mövzular içərisində kişilərə aid məzar daşlarında ov səhnələri, qadın məzarında isə xalçaçılıq sənəti ilə əlaqədar səhnəciklər əsas yer tutur. Süjetin oyma kompozisiyaları içərisində Zəngəzur mahalının Urud kənd qəbiristanlığından Naxçıvana gətirilmiş XV-XVI əsrlərə aid məzarüstü sənduqələr xüsusilə maraqlıdır. Qeyd olunan bu üç sənduqə hazırda Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır. Bu sənduqələrin üzərində ərəb əlifbası ilə məxsus olduqları şəxslərin adları, süjetli kompozisiyalar təsvir olunub.
Uzunluğu 90 sm, eni 27 sm, hündürlüyü isə 35 sm olan birinci sənduqənin yan hissələrində süjetli təsvirlər yerləşdirilib, üstü isə ərəb dilində irs nəsx xətli kitabələrlə bəzədilib. Sənduqənin sağ tərəfində ornamental tağlar həkk olunub. Birinci tağda uzun hörüklü bir gənc qadın qucağında uşaq, ikinci tağda bir əlində balta, o birində kəmənd tutmuş uca boylu kişi və yanında durmuş gənc oğlan, üçüncü tağda isə oğlanla qızın təsviri verilib. Dördüncü tağın arasında yerləşdirilən təsvirlər o biri süjetlərlə az bağlıdır. Burada naməlum bir heyvanın üzərində oturub qanadlarını gərmiş iri quş fiquru həkk olunub. Tağlar arasındakı bu təsvirlər belə oxunur: Birinci tağda uşağın dünyaya gəlməsi, ikinci tağda onun tərbiyəsi, üçüncü tağda ailə, dördüncü tağda isə türkdilli xalqların keçmişdə totemi sayılan müqəddəs Unu quşu təsvir edilib.
Sənduqənin sol tərəfində təsvirlər nisbətən azdır. Burada iki böyük ornamental xonça arasında üç kiçik süjet təsvir olunub. Onların birində sol əlində qurd başına oxşar tutacağı olan uzun çomaq tutmuş şəxs, ikincidə qarşısında iki əlini yuxarı qaldırmış dikpapaqlı bir kişi, üçüncüdə isə uzun xətli bir fiqur verilib. Üçüncü fiqurun ətrafında xalçaçılıqda istifadə edilən iş alətləri (qayçı, həvə və s.) təsvir olunub. Sənduqə XVI əsrdə yaşamış Bəhman İmamqulu oğluna məxsusdur. İkinci sənduqənin bir tərəfinə ərəb əlifbası ilə yazı həkk olunmuş və ornamentlərlə bəzədilib. Sənduqənin digər üzündə isə at təsviri verilib. Maralı oxla vuran oğlan təsviri, onun ardınca bir əli belində digər əlini yuxarı qaldırmış kişi təsvir olunub. Çox güman ki, burada əlini yuxarı qaldıran kişi oğlanın maralı ovlamasına mane olmaq, gənci dayandırmaq istəyir.
Sənduqənin üst hissəsi prizma şəkillidir. Baş ucunda yenə naməlum heyvan, üzərində qartal təsviri, ayaq tərəfdə isə minbər təsvir olunmuşdur. Sənduqə hicri 883-cü ilin Ramazan ayına, miladi tarixi ilə 1472-ci ilə aid edilir və Kəndxuda Rıza oğlu Əmirsuya məxsusdur.
Üçüncü sənduqənin də üst hissəsi prizma şəkillidir. Yan tərəfdə at və əlində kitab tutmuş adam təsviri var. Sənduqənin digər üzü ornamentlərlə bəzədilmişdir. Üzərində “Allah, Məhəmməd, ya Əli! Xan Məhəmməd Mülahid oğluna məxsusdur” sözləri yazılmışdır. Sənduqə hicri 983-cü ilə, miladi tarixi ilə 1575-ci ilə aiddir.
Orta əsrlərdə üzərinə daş kitabə həkk edilən və əsasən ali vəzifəli şəxslərə məxsus olan məzar daşları isə mərmərdən hazırlanar, həmçinin müxtəlif rənglərlə də bəzədilərdi. Buna misal olaraq Naxçıvan Dövlət Tarix Muzeyində qorunub-saxlanılan 1498-ci ildə vəfat etmiş yüksək mövqe sahibi Şeyx Hacı Hüllalahın qızı Mukeysə xanıma məxsus mərmər sinə daşını göstərmək olar. Bəhs etdiyimiz mərmər sinə daşı Culfa rayonunun Xanəgah kəndi yaxınlığından aşkar edilib. Bu qədim tapıntının üzərində ərəbcə “Ayətəl-Kürsü” yazılib və göz oxşayan ornament naxışlar təsvir edilib.
Daş kitabələrə nəinki məzar daşlarında, hətta qədim dövrlərə aid memarlıq abidələrimizdə də rast gəlmək mümkündür. Daş kitabələr daha çox abidənin baş tərəfinə həkk olunur, abidənin kimə məxsus olduğu, hansı memar tərəfindən tikildiyi, eləcə də binanın inşa tarixi ərəb dilində kufi xətlərlə göstərilirdi. Belə abidələrə XII əsr Naxçıvan-Marağa memarlıq məktəbinin ən bariz nümunələrindən sayılan Möminə xatın türbəsi, Yusif Küseyir oğlu türbəsi, eləcə də XII-XIV əsrlərə aid Qarabağlar türbəsini misal göstərmək olar.
Ümumiyyətlə, daş kitabələr xalqımızın qədim tarixindən xəbər verən, ən dəqiq məlumatları özündə əks etdirən orijinal mənbələrdir. Orta əsr tariximizin, ədəbiyyatımızın, təsviri incəsənətimizin və mədəniyyətimizin araşdırılmasında da qeyd etdiyimiz bu kitabələr aparıcı rol oynamaqdadır.
Bir sözlə, daş kitabələr xalqımızın daş yaddaşıdır. Biz bu kitabələr vasitəsilə tariximizin ən dərin qatlarına nüfuz edir, qaranlıq səhifələrinə aydınlıq gətiririk. Bu abidələri qorumaq, gələcək nəsillərə çatdırmaq isə hər birimizin vətəndaşlıq borcudur.
Xaqan Ağəlisoy,
Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı
“Nuh yurdu” qəzeti