Tələbə-rəssam Fərqanə Seyidovanın hesabat sərgisi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda gənc rəssam, Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsi Fərqanə Seyidovanın hesabat sərgisi keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdaşı, sənətşünas Nizami Alıyev bildirib ki, belə sərgilər istedadlı rəssamların yaradıcılıq fəaliyyətinin işıqlandırılmasına öz töhfəsini verir.
Qeyd edib ki, milli dəyərlərimizin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi və günümüzün real mənzərəsinin yaradılması rəssamların yaradıcılığında xüsusi yer tutur. Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsi, gənc rəssam Fərqanə Seyidovanın da heykəltaraşlıq, dekorativ tətbiqi sənət əsərlərində də bu motivlərə üstünlük verir.
Xalq rəssamı Hüseynqulu Əliyev, Əməkdar incəsənət xadimi, heykəltaraş Elman Cəfərov və digər çıxış edənlər gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar.
Sonra sərgiyə baxış keçirilib.
Bildirilib ki, realist üslubda işlənmiş əsərlərdən ibarət sərgi əsasən 44 günlük Vətən müharibəsinə həsr edilib. Heykəltaraşlıq, rəngkarlıq, dekorativ tətbiqi sənət nümunələrindən ibarət 50-yə yaxın rəsm və toxuma işi gənc rəssamın özünəməxsus istedadından xəbər verir. Sərgilənən əsərlərdə müxtəlif janrlara müraciət edən istedadlı rəssam onları yeni prizmadan göstərərək canlandırıb.
Sevda Əliyeva