Çinin nüfuzlu ingilisdilli nəşri olan “China Daily” qəzeti Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus 4 elementin UNESCO-nun siyahısına salınması barədə xəbər yayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə məqalədə qeyd olunur ki, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilən 17-ci sessiyasında Azərbaycanın 4 elementi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Bunlar “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə) çoxmillətli nominasiyasıdır.
Bildirilir ki, sözügedən nominasiya sənədləri Azərbaycanın Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə əməkdaşlığı şəraitində təqdim olunub.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.