“Hər anda gözəllik” adlı sərgidə istedadlı rəssam Şahin Rəsulzadənin 90-a yaxın əsəri sərgiyə çıxarılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Şahin Rəsulzadənin rəsm əsərlərindən ibarət “Hər anda gözəllik” sərgisi açılıb.
Sərginin açılış tədbirində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva Şahin Rəsulzadənin yaradıcılığı və sənətə olan sevgisindən danışıb. Bildirib ki, Naxçıvan rəssamlıq sənətinin inkişafına öz töhfəsini verən istedadlı rəssamın yaradıcılığı maraqlı və rəngarəngdir. Şahbuz rayonunda dünyaya göz açan rəssamın fərqli üslubda çəkdiyi rəsmlərdə bir çox özünəməxsus nüanslar diqqəti çəkir. “Hər anda gözəllik” sərgisi də rəssamın bu sahədəki potensialının daha bir göstəricisi kimi yüksək qiymətə malikdir.
Tədbirdə xalq rəssamı Hüseynqulu Əliyev, əməkdar rəssam Telman Abdinov, Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulunun müavini Nejla Kaya və digər çıxış edənlər sərgi barədə fikirlərini bildirib, rəssama yaradıcılıq uğurları arzulayıb, əsərlərini yüksək dəyərləndiriblər.
Rəssam Şahin Rəsulzadə fərdi sərgisinin təşkilinə görə minnətdarlıq edib.
Qeyd edilib ki, sərgidə rəssamın fərqli janr və üslublarda işlədiyi 90-a yaxın əsəri nümayiş olunur. Təsviri incəsənətin bütün janrlarına və əsasən naturaya üstünlük verən rəssam bu əsərlərini əsasən açıq səma altında işləyir. Müxtəlif mövzulara həsr edilən əsərlər sırasında portretlər, natürmortlar, mənzərə janrında olan əsərlər üstünlük təşkil edir.
Adilə Səfərova